Bu yaylaqlarda top –tüfəng səsləri yox, qoyun-quzu səsi eşidilir

Bir vaxtlar top –tüfəng səsləri eşidilən bu dağlardan indi qoyun-quzu mələşməsi, itlərin hürüşməsi, sevgi dolu yaşamın səsi gəlir.

 

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, Laçın sakinləri bütün mal-qaranı yığıb üz tutublar yaylaqlara. Çəkiliş qrupumuz heyvanlar dağlardan qayıdan zaman təsərrüfat sahiblərinin heyvanları yemləməsini, sağım prosesini çəkib.

 

 

Gecənin qaranlığında bu həyətlərdə sağılan heyvanların südünün ağlığından yayılan işartıdan və kənarda qalanan ocağın közərtisindən başqa bir işıq olmaz.

 

Doğma el-obada olmaqdan məmnun olan təsərrüfat sahibləri deyir ki, bu yaylaqlarda heyvanların məhsuldarlığı birə beş artıb.

 

Müsahibimiz Natiq Şükürov deyir ki, heyvandarlıq, tərəkəmə həyatı ona uşaq yaşlarından tanışdır və bu həyatı çox sevir.

 

Yaylaqlara köç edən təsərrüfatların çoxunda qadınlar yoxdur. Həmsöhbətlərimiz deyirlər ki, uşaqlar köpə olduğu üçün bu mövsüm qadınları yaylaqlarda çox saxlaya bilməyiblər. Bu da onların işini bir az da çətinləşdirib.

 

Bəli, onların həyatında yeni dönəm başlayıb. Ata-baba ocaqlarına qayıdıb, bu yaylaqlara yeni nəfəs gətiriblər. Onların qayıdışı ilə bu torpaqlarda yeni həyat, yeni inkişaf dövrü başlayıb.

 

 

Habil Aslanoğlu, Ziya İsmayılov,  APA TV

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv