“Bu yerlərdə günəş bizim üçün doğacaq” – APREL DÖYÜŞLƏRİ AZƏRBAYCAN ƏSGƏRİNİN DİLİ İLƏ...

Şahidi olaraq danışıram sizlərə. Vətənin keşiyində duran əsgər, tarixin bir parçası kimi. 4 il bundan öncə, 21 yaşımda ölümün nə olduğunu daddım. Alnımdan axan soyuq tər, çəkdiyim həsrət və gözümün önündə yaxınlarımın canlanması ilə. “Öz-özümə müharibə türkə toydur, toyda iştirak edərlər” deyərək.

 

İnsan yaşadığını heç vaxt tam olaraq dilə gətirə bilmir. O gün nələr yaşamadıq ki? Toya gedirik deyə, sevincimizin həddi-hüdudu yox idi.

 

2016-cı ilin 1 aprel tarixi əsgər həyatımın ən qorxunc, eyni zamanda ən sevincli günü idi. Vətən məni çağırır duyğusu ilə cəbhəyə doğru addımlamaqdan gözəl nə ola bilərdi ki?

 

Qaranlıq göy üzünün anidən güllə qığılcımları ilə işıqlandığı həmin gün. Sanki ya yuxu görür, ya da film kimi yaşayırdım olanları.

 

Gözəl xatırlayıram. Axşam yeməyindən sonra bütün əsgər heyəti kazarmaya çəkildi. “Yat” komandası verilirdi ki, bölük komandiri içəri daxil oldu və “mənim aslanlarım, indi hər şeyin tam zamanıdır. Torpaqlarımızı geri qaytarmaq üçün canımızı fəda edəcəyimiz gün məhz bu gündür. Qaranlıq gecədə ay bizim yolumuza işıq saçacaq. O işıq da vətən səmasında daim parlayacaq” deyərək yüksək səslə bağırmağa başladı.

 

Zabitin qürurlu çıxışı içi mən qarışıq bütün əsgərlərin qəlbini fəth elədi. Hazırlıq görərək hərbi hissənin həyətinə toplaşdıq və maşınlara minib Beyləqandan üzü cəbhəyə - Füzuliyə doğru yol aldıq.

 

Yolumuzu aydan çox göydə süzən güllə qığılcımları aydınlandırır, qulaqlarımızı irəlilədikcə topların səsi batırırdı.

 

Gecənin bir vədəsində cəbhə bölgəsinə - Haramı düzünə çatdıq. Güllələr sanki göydən yağış kimi yerə ələnirdi. Zülmət gecədə gözümə yalnız qurulmuş çadırlar dəyirdi. Onları özünü bizdən əvvəl yetirən digər bölüyün əsgərləri hazırlamışdı.

 

Ayağımız yerə dəyən kimi təcili şəkildə səngər qazmaq əmri verildi. Yadımdadır, həm əsgər, həm də zabit heyəti qol çırmalayıb, birlikdə növbəli olaraq bu işin öhdəsindən gəldik. 4 saat çəkən qazıntının sonunda həm özümüz, həm də zirehli texnika üçün yer qazdıq.

 

Və verilən əmrdən sonra düşməni darmadağın etmək üçün atəş açdıq. Toplar üçün daşıdığımız mərmilərin ağırlığı qollarımızı yormurdu. Əksinə, açılan hər bir atəşin vətən torpağını qorumağın yeganə yolu olduğunu düşündükcə gücümüzə güc gəlirdi.

 

Proses 4 gün davam elədi. Yuxusuz qaldıq, yaralandıq, şəhid olduq amma tükənmədik. Vətən sevdamız hər keçən gün daha da alovlandı. İnsanların könüllü olaraq cəbhəyə -yanımıza gəlmək istəyini eşitdikcə, başa düşürdük ki, bu xalq, bu millət və bu torpaq üçün qanının son damlasına qədər axıtmağa, canını qurban verməyə dəyər.

 

Sonda qələbə zəfərini çaldıq. 23 ildən çoxdur düşmən işğalında olan "Lələ Təpə" yüksəkliyini ordumuz ələ keçirdi.

 

Aprelin 5-i bölük komandirimiz bizi bir yerə toplayaraq “artıq bu yerlərdə günəş bizim üçün doğacaq və sizlərin hər biri ilə fəxr edirəm” dedi.

 

Söyləniləcək və paylaşılacaq fikirlər, duyğularımın genişliyi bir reportaja sığacaq qədər deyil. Sadəcə, yaşadıqlarımı sizinlə bölüşdüm ki, baş verənləri iştirakçı olaraq bir də mənim dilimdən eşidəsiniz.

 

Aprel döyüşləri illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifini yerlə yeksan elədi. Bununla da erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk etdi. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü oldu.

 

Danışıram və danışdıqca o günlər yenidən gözümün önündə canlanır. Sanki yenidən döyüşürəm. Sizlərin yanımda olmağınız mənim ruh yüksəkliyimi daha da artırır. Vətən üçün çaba göstərmək, döyüşmək və sonda uğur qazanmaq hər orduya nəsib olmur.

 

Qələbə marşımız bununla bitmədi. Çox az qalıb, zaman gələr, Qarabağın işğaldan azad olunması xəbərini sizlərlə bölüşərəm. Dünənin əsgəri, bu günün jurnalisti Elvin Paşazadə kimi...

Müəllif | Apa.Tv
Apa.tv