Budapeştdə Prezident İlham Əliyev Viktor Orban ilə görüşüb – APA TV

Macarıstanda işgüzar səfərdə olan Prezident İlham Əliyev bu ölkənin Baş naziri Viktor Orban ilə görüşüb. Dövlət başçısı bu ilin yanvarında Macarıstana səfərini və səfər zamanı aparılan səmərəli və əhatəli müzakirələrin vacibliyini vurğuladı, əldə edilən razılaşmaların uğurla həyata keçirilməsindən məmnunluğunu ifadə etdi. Görüş əsnasında iki ölkə arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olundu. Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyəti vurğulandı. Qida sənayesi sahəsində Macarıstanın Azərbaycana investisiya qoyuluşu, əczaçılıq sənayesi sahələrində əməkdaşlıqla bağlı əldə olunan müsbət dinamika qeyd edildi. Macarıstan aviadaşıyıcısı vasitəsilə Bakı-Budapeşt reyslərinin həyata keçirilməsinin önəminə toxunuldu və ümumilikdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Azərbaycanın işğaldan azad edilən ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərində Macarıstan şirkətlərinin fəaliyyətə başlaması müsbət addım kimi qiymətləndirildi və bu istiqamətdə daha böyük imkanların olduğu vurğulandı. Elm-təhsil sahəsində əməkdaşlıq qeyd edildi, xüsusilə Macarıstanda azərbaycanlı tələbələrə ali təhsil üzrə təqaüdlərin verilməsi təqdir olundu, gələcəkdə peşə təhsili sahəsində də əməkdaşlıq məsələləri xüsusi vurğulandı. Söhbət zamanı, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair Sazişin imzalanmasının və Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi layihəsinin həyata keçirilməsi istiqamətində səylərin davam etdirilməsinin önəmi qeyd olundu, Orta Dəhlizin əhəmiyyəti və yükdaşımaların artması vurğulandı. Görüşdə ölkələrimizin Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd edildi. Prezident İlham Əliyev Macarıstanın Baş nazirini Azərbaycana səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul olundu.

Müəllif | Apa.Tv
Apa.tv