Bulaq suyu adı ilə satılan içməli sular əslində nədir? – ŞOK TEST NƏTİCƏLƏRİ
Son vaxtlar suların tərkibi ilə bağlı qaynar xəttimizə gələn şikayətləri nəzərə alaraq, kiçik bir araşdırma aparmaq istədik. Ölkə ərazisində qida təhlükəsizliyindən məsul olan AQTA-nın laboratoriyasında suda hər bir maddənin analizi üçün ödəniş edilməli olunduğunu bildirdilər. Agentliyin saytında tariflərə baxdıqda qiymətlərin həddən artıq yüksək olduğunu gördük. Ödənişi hesabladıqda məlum oldu ki, bir şüşə suyun tərkibini tam müəyyənləşdirmək üçün təxminən 1000 manat lazımdır. Su ilə bağlı başqa hansı laboratoriyaya müraciət etdiksə, bizi fikrimizdən yayındırmaq üçün müxtəlif yollarla əllərindən gələni etdilər. Bu da istər-istəməz şübhələr yaradır. Aldığı məhsulun tərkibini öyrənmək hər bir istehlakçının hüququdur. Ancaq təəssüf ki, Azərbaycan vətəndaşları məhz bu laboratoriya oyunları ucbatından öz hüquqlarından tam istifadə edə bilmirlər. İstehlakçı aldığı məhsulun üzərində yazılan bilgilərlə kifayətlənməli olur. Bu bilgilərin nə dərəcədə doğru-olub olmadığı isə sual altındadır. Sadə vətəndaşlar kimi biz də 1000 manat ödəmək istəmədik. Onun əvəzinə hər gün mağazalardan alıb içdiyimiz suların normal olub-olmadığını yoxlamaq üçün su analiz edən cihazdan istifadə etməyə qərar verdik. Məsələylə bağlı mövqeyini öyrəndiyimiz AQTA-dan şifahi olaraq bildirildi ki, agentlik tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi məqsədilə ölkədə emal olunan qablaşdırılmış içməli sularla bağlı nəzarət tədbirləri görülür. Agentlik tərəfindən görülmüş tədbirlər çərçivəsində cari il ərzində ölkə ərazisində fəaliyyət göstərən su emalı müəssisələrində planlı və plandankənar yoxlamalar həyata keçirilir. Yoxlamalar zamanı qida sahəsində qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunan müəssisələrdə məhsulların emalı və satışı dayandırılır. Qida eksperti Məhsəti Hüseynova deyir ki, keyfiyyətli içməli su qoxusuz olmalıdır, içərkən yüngüllük hiss olunmalıdır. Lakin bu gün satışda olan əksər suların tərkibi içmək üçün yararlı deyil. Xüsusən bəzi sular var ki, bunları içərkən ürəkbulanma, mədədə köp və yaxud ağırlıq hissi olur, bu da həmin suyun keyfiyyətli şəkildə hazırlanmamasından qaynaqlanır. Mağazalarda satılan içməli sulardan bəzilərinin keyfiyyətinin həddindən artıq aşağı olmasının səbəbi onların etiketində yazıldığı kimi, bulaq suyu deyil, adi kran suyu olmasıdır. Hansı ki, heç filtrdən belə keçirilməyib. Buna görə də sağlamlığımızın qeydinə qalmaq üçün mağazadan içməli su alarkən diqqətli olmaqda fayda var. ORXAN ASLAN