Bulvar və parklar açıldı – UŞAQLAR DA SEVİNİR, YAŞLILAR DA
Koronavirus pandemiyası ilə əlaqədar 29 martdan etibarən bulvar, park və istirahət mərkəzlərinə giriş məhdudlaşdırılmışdı. Lakin bu gündən etibarən bu məhdudiyyət aradan qaldırıldı. Buna isə ən çox balacalar sevinir.
- Yaxşı ki, yollar açıldı, şəhərə çıxdıq. Bulvar açıldı, şəhərə çıxa bildik. Darıxırdım, çöl üçün darıxırdım.
- Neçə aydır evdən çıxmırsan?
- 3 aydır.
- Mən sevinirəm ki, bu gün ad günümdür, şəhərə çıxdım, ad günümü qeyd edə bildim. Təşəkkür edirəm.
- Yüngüllük hiss edirik. Amma ki, karantin qaydalarına riayət edirik. Maskadan, əlcəkdən istifadə edirik. Uşaq iki aydır evdədir darıxırdı.
APA TV-nin xəbərinə görə, bu gündən etibarən bulvar və parkların ətrafında quraşdırılan dəmir məhəccərlər sökülüb. Bundan başqa, yaşı 65-dən yuxarı olan vətəndaşların evdən çıxması ilə bağlı qoyulan qadağa da aradan qaldırılıb.
İki aydan çoxdur evdən çıxa bilməyən yaşlı insanlar artıq gəzintiyə çıxıblar. Onların da sevinci uşaqlarınkından geri qalmır:
- Artıq 65 yaşında olan insanlar sərbəst küçələrə, parklara çıxa bilir, gəzə bilir. Onların səhhəti ilə əlaqədar bu çox vacibdir.
- Bizim üçün böyük bir bayram oldu, parklar açıldı, bulvar açıldı. Gəlib burda dincəlirik. Gözəl havası var. Səhhətimiz üçün yaxşı oldu. 65 yaşdan yuxarı insanlar üçün də qadağa götürüldü.
- Bulvarın açılmasına çox sevinirəm. Darıxmışdım bulvar üçün. Sevinirəm ki, qurtardı. İnanıram ki, daha elə günlər olmaz. Hər şey gözəl olmalıdır.
Qeyd edək ki, artıq Dənizkənarı Milli Parka giriş sərbəstdir. Amma təbii ki, Operativ Qərargahın tələblərinə əməl etmək şərti ilə. İnsanlar ərazidə gəzərkən sosial məsafəni qorumalı, 10 nəfərdən artıq toplaşmamalıdırlar. Ərazidəki kafe və restoranlar səhər saat 08:00-dan axşam 18:00-dək fəaliyyət göstərəcək. Maşın dayanacaqları da bu gündən fəaliyyətini bərpa edir. Gəzinti gəmiləri, qatarlar, attraksionlar və idman qurğuları isə fəaliyyət göstərməyəcək. Dənizkənarı Bulvar İdarəsi bu məsələləri xüsusi nəzarətdə saxlayacaq. Bulvarda yenə də xəbərdarlıq nişanları, məlumatlandırıcı lövhələr olacaq, mütəmadi dezinfeksiya işləri aparılacaq.
Fatma Zahidqızı
Üzeyir Ağayev