Burada bitən ağacları başqa yerə köçürəndə ya bitmir, ya da görkəmini dəyişir

Qəbələ rayonunun qədim tarixə malik kəndlərindən olan Həmzəlli kəndi özünün gözəl təbiəti, həm də tarixi abidələri ilə məşhurdur. Belə tarixi abidələrdən biri də el arasında Şıx baba kimi tanınan Seyyid Şeyx Molla Məhəmməd piridir. O, həm rayona gələn qonaqlar, həm də turistlərin diqqət mərkəzində olan abidələrdəndir. Buranın əsas özəlliyi ərazidə "Qırmızı kitab"a düşən ağacların bitməsidir. Pir ərazisində 1200-1500 yaşı olan iynəyarpaqlı ağaclar var.  Burada bitən ağacları çoxaltmaq məqsədilə digər yerlərə əksələr də, onlar ya bitmir, ya da öz təbii strukturunu dəyişir.

Bu ərazidə aparılan arxeoloji qazıntılar zamanı təxminən 2000 il bundan əvvəllərə aid edilən qəbirlər də aşkarlanıb. Çiçək və həndəsi naxışlarla işlənən qəbir daşlarına və yazılı sənduqələrə rast gəlinən abidə demək olar ki, dağılmaq üzrədir. Dəfələrlə Mədəniyyət və Turizm Nazirliyinə müraciət edilməsinə baxmayaraq, hələ də abidə ilə maraqlanan və ya onun yenidən bərpası haqqında fikirləşən olmayıb.

Abidənin hazırkı vəziyyəti ilə bağlı Qəbələ rayon Mədəniyyət və Turizm şöbəsindən  bildirilib ki, artıq abidəyə baxış keçirilib və Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinə müraciət edilib. Yaxın zamanlarda məsələ ilə bağlı müvafiq addımlar atılacaq.

Müəllif | Apa.Tv
Apa.tv