Cavid Əbdül-Qədirov: “İndiyə kimi 31 nəfər Vətən müharibəsi iştirakçısına əlillik təyinatı aparılıb”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial dəstək tədbirləri çərçivəsində Vətən Müharibəsi qaziləri yüksək texnologiyalı protezlərlə təmin edilir.
APA TV xəbər verir ki, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində müharibədə yaralanmış daha üç qazimiz - Ziya Ağami oğlu Kazımov, Rəşad Amin oğlu Əliyev və Kənan Nadir oğlu Musayevə yüksək texnologiyalı protezlər verilib.
Agentliyin sədri Cavid Əbdül-Qədirov qazilərlə görüşərkən bildirib ki, ötən ilin dekabr ayından müasir protezlərlə təminat həyata keçirilir və artıq 10 qazimiz 11 müasir protezlə təmin olunub: "İndiyə qədər 31 nəfər Vətən Müharibəsi iştirakçısına əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra həmin şəxslər reabilitasiya mərkəzinə cəlb olunur və 2-3 həftə ərzində protezlə təmin olunurlar. Agentlik daxilində yaradılan İşçi qrup tərəfindən 3000 ailə ziyarət olunub və onlardan 300-dən yuxarı şəxsin səhhətində geridönməz proseslərin olduğu müəyyən edilib”.
Astara rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılan Rəşad Əliyev sağlamlığını Vətənin müdafiəsi yolunda itirib. Deyir sentyabrın 27-də Tərtər istiqamətindən başlayan döyüş yolu Ağdərə və Suqovuşana qədər davam edib.
Oktyabrın 11-də isə Suqovuşanda qəlpə yarası alıb, amma döyüşü davam etdirən Rəşad daha sonra yoldaşları ilə bərabər minaya düşüb: “İki minanı görüb zərərsizləşdirdik. O birini görmədim basdım üstünə. O da partladı. Birinci əlimi üzümə vurdum, gördüm qandı, baxdım ki, qulağım partlayıb. İndi eşitmirəm. Sonra gördüm ayağımın biri yoxdur. Tez ayağımı basdırdım torpağa ki, qan axmasın. Torpaq damarları sıxır, qan getmir onda. Sonra gördüm əsgər yoldaşım huşunu itirib, istədim qalxım ona kömək edək, qalxa bilmədim. Ayağımın sümükləri sındı, töküldü. Oradan gətirdilər Ağdama. Protezi 3 gündür taxıram, çox rahatdır. İnanmırdım ayağa qalxıb yeriyə biləm, amma bu protezlə rahat yeriyirəm. Ali Baş Komandana təşəkkür edirəm ki, bizi belə son texnoloji protezlərlə təmin edirlər”.
Saatlı rayon sakini, ehtiyatda olan zabit Fərhad Mürsəlov da düşmənin qoyduğu minaya düşüb və bir ayağı amputasiya edilib: “Sağ olsun Ali Baş Komandan ki, bizim qazilərimizə belə yüksək diqqət göstərir. Burda bizi müalicə edən həkimlərimizin qarşısında baş əyirəm ki, onlar bizi hazırkı vəziyyətə gətirib çıxara bildilər. Aylarla çalışdılar ki, biz ayağa qalxa bilək”.
Əslən Biləsuvar rayonunda olan qazi Ziya Kazımov 44 günlük Vətən Müharibəsindən öncə aprel döyüşlərində də iştirak edib. Deyir, mənfur düşmənin basdırdığı mina partlayışında yaralanmasaydı, arzusu Şuşaya ilk girənlərdən olmaq idi: “Gülüstan kəndi istiqamətində döyüşdə mina partladı. Ayağımı itirdim. İndi yavaş-yavaş sağalıram. İki gündür protezimi taxıram, amma artıq görürsünüz çəliklərim yoxdur. Rahatdır protezdə yerimək. Ali Baş Komandan sağ olsun, onun qayğısı sayəsində biz yaralarımızı unuduruq”.
Qeyd edək ki, dünyanın məşhur protez istehsalçılarından olan “OTTO BOKK” şirkəti (Almaniya) ilə əməkdaşlıq şəraitində yaradılan sexdə “Genium” sistemi üzrə protezlər hazırlanır. Həkim Ədalət Əliyev deyir ki, bu protezlər yüksək aktivlik və funksionallıq dərəcəsi olmaqla, elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, sabit, təhlükəsiz və inamlı, rahat hərəkətə imkan verir. Müalicə alan qazilərimizdən əvvəlcə ölçülər götürülür, daha sonra sexdə onlara uyğun protezlər hazırlanır: “Həmin ölçünü burda düzəldirik. Gördüyünüz bu protez dizdən aşağı hissəni əvəz edir. Bu protez isə dizdən yuxarı, amputasiya olunmuş şəxs üçün nəzərdə tutulub”.
Qeyd edək ki, ötən il əlilliyi olan 11344 şəxs, o cümlədən, müharibə ilə əlaqədar əlilliyi olan 1648 nəfər protez-ortopedik bərpa xidməti ilə təmin olunub. Ümumilikdə əlilliyi olan şəxslərə 35 000 reabilitasiya vasitəsi verilib.