Cavid Qurbanov: “Bakıda tramvayların bərpası barədə...”


“Tramvay nəqliyyatının bərpası barədə düşünürük, amma bir az çətin məsələdir”.

APA TV-nin məlumatına görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov
bunu Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında deyib: “Tramvay xətlərini sökməklə Bakıya ziyan vurublar. Onu yenidən tikmək bir az çətindir, amma bu məsələ haqqında da düşünülür. Cənab Prezidentə məruzə olunub. Düzünü desək yenidən bərpası çətin məsələdir. Bakı şəhəri Abşeronda yerləşdiyinə görə, üç tərəfdən su ilə əhatə olunub. Bizim haradan Bakıya daxil olmağımızdan asılı olmayaraq, bir yerdən gəlirik və bir yerdən də çıxış var. Yəni bir az məhdudiyyət var. Dənizdən o tərəfə getmir”.

Cavid Qurbanov dəmir yolu xətlərinin yaxınlığında fərdi ev tikmiş və yaxud tikmək istəyən vətəndaşlara müraciət edib: “Evləriniz elə yerdə tikin ki, sonradan sökmək lazım gəlməsin. Yəni, elektrik xətlərinin altında, avtomobil yollarının, körpülərin altında”.


Bakıda və Abşeron ərazisində ilk dəfə yerüstü metro da fəaliyyət göstərəcək: “Bakıda Güzdəklə Sahili birləşdirən yol var. Sovet hökuməti dönəmində tikilmiş yoldur. O yol Bakının ətrafından keçir. Artıq yolun araşdırmasına başlamışıq. Yəqin ki, oranı təmir edəcəyik. Yol yerüstü metro kimi insanların xidmətində olacaq”.

Şahdağa gedəcək yeni qatar yolunun layihələndirilməsi üçün isə 3 milyon manat vəsait ayrılıb. İşləri həyata keçirəcək tenderin qalibi də məlumdur.

 

 

Müəllif | Apa.Tv
Apa.tv