Cəbhə kəndində seçici fəallığı müşahidə olunub
Goranboyun cəbhə zonasında yerləşən Tapqaraqoyunlu kəndində seçici fəallığı müşahidə olunub.
APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, yerli sakinlər çətin və qarlı hava şəraitinə baxmayaraq, məntəqələrə gedərək seçkidə fəal iştirak ediblər.
97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsinin 18 saylı məntəqəsində qeydiyyatda olan 982 seçici öz səsvermə hüququndan istifadə edib.
Yerli müşahidəçilərin üstünlük təşkil etdiyi cəbhə kəndində yerləşən məntəqədə hər hansı qanun pozuntusu qeydə alınmayıb.
Məntəqə sədri Həbib Paşayevin sözlərinə görə, Tapqaraqoyunluda yaşayan sakinlər məntəqələrə gələrək səs vermədə iştirak ediblər.
Qeyd edək ki, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinin 39 554 seçicisi 56-sı açıq, 6-sı qapalı olmaqla 62 məntəqədə səs verib. Seçkiləri 736 yerli, 2 beynəlxalq müşahidəçi izləyib.