Cəbhə kəndlərində həyat öz axarı ilə davam edir – DÖVLƏT BABA VƏTƏNDAŞINA NECƏ SAHİB ÇIXIR?

Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini atəşə tutmağı davam etdirir. Nəticədə evlər dağılır, insanlar ölür və ya yaralanır. Bütün bu mənzərələr azərbaycanlılara yad deyil. Çünki ermənilər tarixən əllərinə keçən hər fürsətdə bizə qarşı bu əməlləri törədiblər.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hazırkı döyüşlərdə də ermənilərin mülki əhalini atəşə tutması nəticəsində yerli sakinlər xəsarət alıb və ya həyatını itirib. Sakinlərə məxsus evlər əşyaları ilə birlikdə yanıb və ya dağılıb:

 

- Evlərə, sahəyə, hər yana tökür. Bu saat da atır. Heç hara da gedən deyilik. Allah Prezidentimizin canını sağ eləsin. O, olan yerdə hara gedə bilərik?

 

- Gərginlikdir, atırlar, amma yaşayış var. Camaat qorxmur, heç kim çəkinmir. Hamı öz yerindədir. İşığı həmişə düzəldiblər, işləyir. Artezian xətləri də özünüz gördünüz, düzəldirlər.

 

- Ermənilər gün ərzində atırlar kəndimizə. Çoxlu mərmilər düşür. Bununla da qaz, işıq xətləri sıradan çıxır. Onu da düzəldirlər, hamısı təmir olunur. Allah Ordumuzu, Prezidentimizi qorusun. Mən özüm də getməyə hazıram.

 

Düşmən təxribatları zamanı dövlətə də külli miqdarda ziyan dəyib. İdarə və müəssisə binalarına, təhsil ocaqlarına, körpələr evinə onlarla, yüzlərlə mərmi düşərək dağılmasına səbəb olub. Bundan başqa, qaz, işıq, su və ya rabitə xətləri sıradan çıxıb.

 

Erməni təxribatları davam etsə də, dağıdılan kommunikasiya xətləri yerli əhalinin rahatlığı üçün dərhal bərpa edilir.

 

Tərtər subartezian quyularının istismarı idarəsinin melioratoru İltifat İsmayılov deyir ki, yaşayış məntəqələrində top mərmilərinin sıradan çıxardığı hər bir quyunu yenidən təmir edərək insanların su ilə təminatını bərpa edirlər: “Hətta qaz xətləri sıradan çıxır və bu subartezian quyularına xidmət edən elektrik xətlərində nasazlıq əmələ gəlir, xətlər qırılıb tökülür. Bu günə qədər 30-a yaxın subartezian quyusunda belə nasazlıq əmələ gəlmişdir. Onların hamısını biz vaxtında aradan qaldırırıq, əhalinin suya olan tələbatını ödəyirik”.

 

27 ildir səngərdə duran əsgər artıq səngərdən çıxıb və geri qayıtmaq niyyəti yoxdur. O, sərhədə kimi gedəcək, aşan sərhəd dirəklərini qaldırıb bərpa edəcək, ən hündür zirvəyə isə Azərbaycanın üç rəngli bayrağını asacaq. İşin avand olsun, Azərbaycan əsgəri

 

Habil Aslanoğlu,

Ziya İsmayılov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv