Cəbrayil Dövlətzadənin anası: “Elə bilirəm gələcək” - REPORTAJ

Onların qəhrəmanlıq yolu eyni, ömür yolları fərqlidir. Sevgiləri, amalları bir olan Vətən savaşının qəhrəmanlarından biri 19 yaşlı Cəbrayıl Dövlətzadə kimi.

 

Ailədə 3 övlad olublar. Özündən yaşca böyük bacısı və kiçik qardaşı var gənc qəhrəmanımızın. Anası Məleykə xanım onları tək böyüdüb. Həm analıq, həm də atalıq edib övladlarına. Cəbrayıl ibtidai sinfi bitirdikdən sonra ailəsinin sosial durumuna görə işləməyə başlayıb.

 

Məleykə xanım deyir ki, Cəbrayıl dünyaya gələndə özünü dünyanın xoşbəxti hesab edib. Övladlarını arzuladığı kimi yaşatmaq üçün dayanmadan işləyib, onların təhsil alması üçün əlindən gələni edib. Amma yaşadıqları çətinliklər Cəbrayılı ali təhsil almaq arzusundan daşındırıb. Buna baxmayaraq, hələ uşaqlıqdan gözəl rəsmlər çəkib, musiqi bəstələyib, şeir yazıb, gitarada ifa etməyi öyrənib. Məktəb yoldaşları arasında birinci olub: “İki yaşından etibarən yaşıdlarından fərqlənərdi, seçilərdi. Sizə desəm ki, o heç ağlamayıb, düşünün, necə uşaq olub. İki yaşı olanda ona kiçik toy etdik. Qara corabı geyinərdi, ona da kişi corabı deyərdi. Hələ uşaqlıqdan rəngli geyimləri sevməzdi. Böyüdükcə tərzini dəyişdi. Hər şeyə gülməzdi ta uşaqlıqdan, qaraqabaq idi mənim balam. Hələ bir dəfə məhəllədə dava etməyib”.

 

“O, qədər xoşxasiyyət, istiqanlı uşaq idi, hər iki övladımdan fərqli idi Cəbrayıl”  – deyir Məleykə xanım: “Onunla nəfəs alırdım mən. 9 yaşında atası ilə ayrıldıq biz. Ayrıldıqdan sonra ailənin yükü mənim çiyinlərimə düşdü. Atasının bizə nə maddi, nə də mənəvi dəstəyi olmadı. Cəbrayıl 12-13 yaşlarından mənimlə birlikdə işləməyə başladı. 13 yaşlı uşaq ofisiant işləyirdi, evə gecə saat 1-2 radələrində gələrdi”.

 

Anasının əziyyətinə şərik olan balaca Cəbrayıl demək olar ki, uşaqlıq yaşamayıb. Uşaq yaşlarından bacısının, qardaşının qayğısını çəkib. Anası deyir elə Cəbrayıl başladığı işi yarımçıq qoymazdı: “Hər zaman yanımda olub. 8-ci sinifdə velosipeddən yıxılıb qolunu sındırmışdı. Qolu o qədər ağır sınmışdı ki, arxaya dönmüşdü. Mən həyəcanımdan ağladım, o, məni sakitləşdirdi, dedi, ana, ağlama. Həkimə apardıq, ağrıkəsici vurub qolunu salmaq istədi, dedi, mənə iynə vurmadan nə edirsiniz edin”.

 

Məleykə xanımın sözlərinə görə, ailədə kiminsə səhvi olanda Cəbrayılın sanki baxışları danışardı, bir baxışı ilə münasibəti ifadə edərdi. Etdiyi yaxşılığı heç vaxt dilinə gətirməzmiş, kiçik ömrünə sığmayan mənəvi ağrılarını belə sakit yaşayarmış. Ailəyə bağlı olan 19 yaşlı qəhrəman anası ilə sirdaş olub, hətta kiçik yaşlarında ilk sevgisini də anası ilə bölüşüb. Anası xaraktercə çox qısqanc olan Cəbrayıldan əsgərliyə gedəndə “istədiyin qız varmı?” deyə soruşub. Cavabı belə olub: “Ümid verib getməyin adı yoxdur, qayıdım, sonra”.

 

Hərbi xidmətini Goranboyda, Ballıqayada çəkib. Hərbi xidmətdən qayıtdıqdan sonra Xüsusi Təyinatlılara seçilib. Ailəsinə bu xəbəri sevinə-sevinə verib, baxmayaraq ki, anası bunu istəməyib. Elə hey deyərmiş ki, bura kişilik məktəbidir. Orda da xidməti dövründə adı şərəf lövhəsində olub. Vətən savaşına qatılanda belə ailəsinə deməyib. Öz arzusu ilə savaşa yollanıb. Ailəsi bunu sonradan öyrənib. Məleykə xanım deyir ki, qorxu hissi Cəbrayıla yad olub: “Dedilər, müharibə başlayıb. Cəbrayılın təlimdə olduğunu bilirdim. Zəng etdim, dedilər, təlimdədirlər. Amma son vaxtlar elə hey qorxurdum. Elə həmin gün düşündüm ki, bəlkə də Murovdağdadır. Ürəyim sakit deyildi, bilirdim ki, nə isə olub. Sentyabrın 28-də zəng gəldi. Dedilər, Cəbrayılın anası sizsiz. Dedim, oğlum əsgərlikdədir axı. Dedilər bilirik. Onda titrədim. Dedilər, Cəbrayılı gətirirlər. Dedilər, yaralıdır. Hələ də inanmıram, elə bilirəm gələcək”.

 

Cəbrayıl Dövlət oğlu Dövlətzadə 11 sentyabr 2001-ci ildə Sumqayıtda anadan olub. Nənəsi Əminə xanımın sevimli nəvəsi olub, nənəsi böyüdüb. Cəbrayıldan əvvəl Əminə ana iki oğul övladını itirib, deyir, onların iyini də Cəbrayıldan almışdım. Zəhmətə kiçik yaşlarından alışan Cəbrayıl gecələr evə gec gəldiyindən, yolunu nənəsi gözləyirmiş, ona qapı açarmış. Elə hər gecə eyni saatda durub qapını açır, elə bilir nəvəsi gəlib qapıda qalacaq: “Cəbrayılı əsgərliyə yola salanda Quranın altından keçirdim. Dedim, Allaha əmanət ol. Onu əmanət verdim. İndi o, Allaha daha yaxındır. Bilirəm harada olsa balamı Allah öz əmanətində saxlayacaq. Çünki şəhid olmaq hər insanın qisməti deyil. Qızım, bu həyatda hər şeyi qazanmaq olar, pulu da, vəzifəni də, amma şəhidlik hamıya qismət olmaz”.

 

Evin sonbeşiyi olan Sahib Dövlətzadə Cəbrayılla qürur duyduğunu deyir: “Mən dünyada ən çox qardaşımı istəyirəm. Əsgərliyə gedəndə orda olduğu müddətdə “çip” kimi bir şey hazırlayıb mənə göndərmişdi. Dedi, məndən sənə yadigar qalsın. Cəbrayılın qardaşı olduğum üçün fəxr edirəm”.

 

19 illik ömrə sığmayan Cəbrayıl dastanı bununla bitmədi, hələ çox şey yazılacaq, hələ çox şeylər deyiləcək bundan sonra.

 

Azərbaycan Ordusunun əsgəri Cəbrayıl Dövlətzadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əlbəyaxa döyüş zamanı Ermənistan Ordusunun 2 zabitini boğaraq öldürən Cəbrayıl sentyabrın 28-də şəhid olub və II Fəxri Xiyabanda dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Müəllif | Apa.Tv
Apa.tv