Cəbrayıl, Qubadlı və Zəngilana 40 mindən çox vətəndaş yerləşdiriləcək – APA TV

"2022-2026-cı illər Böyük Qayıdış" proqramı çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına 40 mindən çox vətəndaş yerləşdiriləcək” bunu Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda çıxışı zamanı bildirib.

O, əlavə edib ki, ağıllı şəhər prinsipi əsasında tikilmiş Ağalı kəndində artıq 200 ev inşa edilib. İstifadəyə verilən 134 evə 600-dən vətəndaş köçürülüb. İqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov işğaldan azad edilmiş rayonlarda iqtisadi fəaliyyətin stimullaşdırılmasının pioritet olduğunu vurğulayıb. Bu məqsədlə Ağdam və Cəbrayılda sənaye parklarının yaradıldığını diqqətə çatdırıb. Forumun əhəmiyyətindən danışan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev qeyd edib ki, bu ilin sonunadək 7 min nəfərə yaxın vətəndaş işğaldan azad edilmiş rayonlara köçə biləcək. Ermənistanın 30 illik işğalından azad edilən Zəngilanda keçirilən forum işini müxtəlif mövzularda təşkil olunan sessiyalarla davam etdirib.

Sessiyalarda yenidənqurma və şəhərsalmanın inkişafında beynəlxalq əməkdaşlığın rolu, minalarla çirklənmə və onun dayanıqlı inkişafa təsiri, regional mərkəzlərin dirçəlişi, Qarabağda əməkdaşlıq imkanları kimi məsələlər müzakirə edilib, Zəngilan şəhərinin Baş planı ilə tanışlıq olub. Sonda tədbir iştirakçıları Ağalı kəndinə səfər ediblər və Zəngilanda sürətlə aparılan yenidənqurma layihələri ilə maraqlanıblar.

Qeyd edək ki, "Şəhərsalma Həftəsi" Dayanıqlı urbanizasiya proseslərinin əhəmiyyətini vurğulamaq məqsədilə BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı çərçivəsində keçirilir.

Müəllif | Apa.Tv
Apa.tv