Cəlil Məmmədquluzadə haqqında yeni kitab təqdim olunub
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimat mərasimi keçirilib.
APA TV-nin məlumatına görə, tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb.
O, Azərbaycan Prezidenti İlham Əliyevin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamını xatırladaraq, adı çəkilən kitabın ədibin yubileyinə sanballı töhfə olduğunu vurğulayıb: “Azərbaycanın mövqeyini, Azərbaycanın müstəqilliyini, istiqlalını Azərbaycan ədəbiyyatına tam sözün böyük mənasında Cəlil Məmmədquluzadə gətirib. Cəlil Məmmədquluzadənin 1917-ci ildə çap etdirdiyi məşhur “Azərbaycan” məqaləsi hesab edirəm ki, bir əsirdən çox keçməsinə baxmayaraq, bu gün də bizim azərbaycançılıq düşüncəmizin konseptual proqramıdır”.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı, kitabın tərtibçisi Elxan Nəcəfov bu ideyanın bir əvvəl yarandığını söyləyib: “Oktyabr ayından bəri araşdırmalarımız əsasən bu istiqamətdə idi ki, mətbuatda istər sovet dövründə, istərsə də müstəqillik ərəfəsində dövri mətbuatda, saytlarda, jurnallarda çap olunmuş Cəlil Məmmədquluzadə ilə bağlı məqalələri bir yerə yığaq. Əldə xeyli material var. Xüsusilə son dövrlərdə Cəlil Məmmədquluzadənin 125-140 illiyi ilə bağlı çoxlu ayda yazılar çap olunub”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxışında Mirzə Cəlilin yubileyi münasibətilə müxtəlif tədbirlərin həyata keçirildiyini qeyd edib: “Mən bu kitabı dünən aldım, vərəqlədim bir az. Təbii ki, bir günə oxuyub bitirmək olmaz. Cəlil Məmmədquluzadənin nekroloqunda belə onu tənqid ediblər.
Nekroloqda adətən tənqid olunmur, amma Mirzə Cəlilin batı elədir ki, sağlıqda da tənqid ediblər, öləndən sonra da tənqid ediblər, bu gün də tənqid edirlər”.
Tədbirdə AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov və başqa qonaqlar da çıxış ediblər.