Cəlilabad sakininin həyətindən qədim silahlar çıxdı
Cəlilabadda torpağın altından qədim dövrə məxsus çoxsaylı maddi mədəniyyət nümunələri tapılıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, rayonun Edişə kənd sakini İlham Əliyev həyətyanı sahəsini şumlayan torpağın altından qədim məişət əşyaları çıxıb. Həyətdən əvvəllər də bu cür əşyalar çıxıb, amma bu dəfə tapılan tuncdan hazırlanmış müxtəlif nizə ucluqları, qılınc və xəncər ev sahibinin diqqətini cəlb edib. “Axırıncı dəfə şum vuranda tapdıq. Qılınc, balaca qəmə və rəngli qablar çıxıb”.
Tapıntılar arasında saxsıdan hazırlanmış kiçik diametrli boru qalıqları da var. Tarixçilərin fikrincə bu, adıçəkilən ərazidə uzun müddət fasiləsiz həyatın mövcud olduğunu göstərir. Ərazidə arxeoloji tədqiqatlar aparılarsa, mümkündür ki, daha qədim maddi mədəniyyət nümunələri tapılsın. “Burada arxeoloji qazıntılar aparılsa, yəqin ki, çox şeylər bizə aşkar olacaq. Çünki bu torpağın birinci təbəqəsidir. Birinci təbəqədə bunlar tapılıbsa, aşağı təbəqələr artıq Erkən Tunc dövrü mədəniyyətinə gedib çıxır və Neolit, Eneolit dövrü tarixi abidələri yəqin ki, burada var. Bundan başqa burada tapılan keramik məişət əşyalarının üzərindəki şəkillərdən ayın olur ki, bu, Son Tunc dövrünə məxsusdur”.
Qeyd edək ki, Eçara kəndinin müxtəlif ərazilərində də bu tip tarixi tapıntılara rast gəlinir. Lakin bu ərazilər indiyə kimi mütəxəssislər tərəfindən araşdırılmayıb.