Cəlilabadda karantin qaydaları ilə bağlı reyd keçirilib

Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu Cəlilabadda Nazirlər Kabinetinin qəbul etdiyi qərarlardan irəli gələn tələblərin icrası ilə bağlı tədbirlər davam etdirilir.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayon mərkəzinin giriş hissələrində qurulmuş stasionar postlarda xidmət davam etdirilir. DİN mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev deyir ki. şəhərə daxil olmaq istəyənlərin, həmçinin yaşayış yerini tərk edən vətəndaşların icazə sistemində adının olub-olmaması və ya SMS icazəsinin mövcudluğu yoxlanılır: “Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər çərçivəsində polis əməkdaşları tərəfindən Cəlilabad şəhərində də davamlı şəkildə nəzarət-profilaktiki tədbirlər keçirilir. Vətəndaşların yaşayış yerini tərk etməsiylə bağlı müvafiq icazələrinin olub-olmaması yoxlanılır. Eyni zamanda, tibbi maska ilə bağlı tələblərə riayət olunmasına da ciddi şəkildə nəzarət həyata keçirilir”.

Bu istiqamətlərdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vaxtaşırı olaraq reydlər təşkil olunur. Tələb və qaydalara riayət etməyənlər barəsində qanunamüvafiq tədbirlər görülür. 

Tural Kərimov

Rövşən Əzimov

APA TV

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv