Cəlilabadda ödəmə terminallarını oğurlayan şəxslər tutuldu

Cəlilabadda qaçırdıqları avtomobillərlə ödəmə terminallarını oğurlayan şəxslər saxlanılıb.

 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Cəlilabad rayon sakinləri Kənan Diniyev və İsmət Mehtiyev Təzəkənd kəndi ərazisindən qaçırdıqları “VAZ-2105” markalı avtomobillə Alar kəndindəki mağazadan 120 manat pul, tütün məmulatları, içərisində 2070 manat olan “Milliön” ödəmə terminalını oğurlayıblar.

 

Daha sonra eyni qayda ilə rayonun Ocaqlı kəndindən qaçırdıqları “VAZ-2103” markalı avtomobillə Qarazəncir kəndi ərazisindəki bir mağazadan içərisində 5000 manat pul olan “MilliÖN” aparatını və 450 manat dəyərində tütün məmulatlarını oğurlayıblar.

 

Saxlanılan Kənan Diniyev törətdiyi cinayəti etiraf edib:“Maşınla qabaqcadan başqa kənddən getmişik, fikirləşmişəm ki, maşını hansı kəndlərdən çıxara bilərəm. Getmişəm Təzəkənd kəndinə, gecə maşını çıxarmışam, Alar kəndindən bankomatı götürüb, gətirib kəsmişəm”.

 

İsmət Mehtiyev də oxşar ifadə verib: "MilliÖn" aparatını götürdük dükandan aparıb körpünün altında gizlətdik. Səhər götürüb laqonda ilə yardıq, pulu götürdük”.

 

Qeyd edək ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan bu şəxslər ödəmə terminallarını kəsərək içərisindəki pulu götürdükdən sonra həmin aparatları rayonun Cəfərxanlı kəndi ərazisindəki gölə atdıqlarını bildiriblər. Terminallar həmin göldən aşkarlanaraq maddi sübut kimi götürülüb.

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Cəlilabad

Müəllif | Apa.Tv
Apa.tv