Cənubi Qafqazda ilk böyük və müasir Baytarlıq Klinikasının açılışı olub - VİDEO
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə paytaxtın Nizami rayonunda həm ərazisinə, həm də müasir avadanlıqlarla təchizatına görə Cənubi Qafqazda ilk böyük və müasir Baytarlıq Klinikasının açılışı olub.
1000 kvadratmetr ərazini əhatə edən klinikada ev heyvanları ilə yanaşı, kənd təsərrüfatı heyvanlarının da müayinə və müalicəsi aparılacaq.
Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdindəki Baytarlıq Klinikası müasir standartlara uyğun inşa olunub. Burada özəl baytar, feldşer, laborantlardan ibarət 20-yə yaxın əməkdaş çalışacaq. Klinikada qəbul, karantin, stasionar, terapiya, toksikologiya, dermotologiya, oftalmologiya, cərrahiyyə, USM, rentgen, biokimya laboratoriyası, eləcə də ilkin baytarlıq yardımı avtomobili vasitəsilə xidmətlərin göstərilməsi nəzərdə tutulur.