Cərimələr və rüsumlar, məhdudiyyətlər niyə artırılır? - Qüdrət Həsənquliyev
“Son zamanlar qanunların çoxuna əlavə və düzəlişlərdə yalnız məhdudlaşdırıcı normalar əksini tapır”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, hər kəs kiçik araşdırma aparsa görər ki, məsələn, cəzalar sərtləşdirilir: “Bəzən əsaslandırmadan cəzaları niyə sərtləşdiririk? Yəni bu sahədə cinayətlərin sayında artım varmı, bu, nədən qaynaqlanır? Cərimələr, rüsumlar artırılır. Dövlət orqanlarına səlahiyyətlər verilir ki, öz xidmətlərinə görə vətəndaşdan rüsum tələb eləsin. Liberallaşmağın yerinə biz məhdudiyyətlər tətbiq edirik. Yəni bu tendensiya görünən, hiss olunandır. Biz çalışmalıyıq ki, cəmiyyətimiz iqtisadi və digər sahələrdə liberallaşsın”.
Qüdrət Həsənquliyev qeyd edib ki, Konstitusiyaya görə, Azərbaycanda dövlət hakimiyyətinin qanadları bir-biri ilə qarşılıqlı fəaliyyətdə işləyir: “Amma bir deputat məhkəməyə müraciət edəndə ki, niyə uzun illərdir süründürməçiliklə məşğul olursan, əgər iddiaçı haqsızdırsa, niyə qərar qəbul etmirsən, illərlə, aylarla təxirə salırsan, keçir şantaja və bildirir ki, siz bizim işimizə qarışa bilməzsiniz. Halbuki, biz qarşılıqlı əlaqədə işləməliyik. İcra orqanına deyəndə deyirlər ki, biz hakimiyyətin müstəqil qanadıyıq, siz bizim üçün icrası məcburi olan göstəriş, qərar qəbul edə, verə bilməzsiniz və s. Amma onlar tərəfindən gələn qanunlara mən ciddi müqavimətimizi görmürəm. Gələn qanun layihələrini biz səsə qoyuruq və qəbul edirik”.