Ceyhun Bayramov: “Çində 500 nəfərə yaxın azərbaycanlı təhsil alır”

"Çindəki tələbələrlə mütəmadi olaraq həm Azərbaycan Xarici İşlər Nazirliyi, həm də Çindəki Azərbaycan səfirliyi vasitəsilə əlaqə saxlanılır".

 

APA TV-nin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Təhsil Naziri Ceyhun Bayramov deyib.

 

O bildirib ki, vətənə dönmək istəyənlərin geri qaytarılması ilə bağlı hər hansı problem yoxdur: “Çində hökumətlərarası saziş əsasında 62 nəfər azərbaycanlı tələbə, ümumilikdə isə 500-ə yaxın azərbaycanlı gənc təhsil alır. Onların böyük hissəsi Azərbaycandadır. Bəzi tələbələr isə Çinin digər şəhərlərinə yerləşdirilib. Onlar ciddi təhlükəyə baxmadan orada qalmağa üstünlük veriblər. Ancaq bütün dövlət orqanları məsələni nəzarətdə saxlayır”.

 

Nazir qeyd edib ki, hazırda Azərbaycanda 94 nəfər Çin vətəndaşı təhsil alır. Bir nəfər çinli tələbə özünü narahat hiss etdiyini bildirdikdən sonra tibb müəssisəsinə yerləşdirilib. Bakı Dövlət Universitetinin rəhbərliyi mütəmadi olaraq onunla əlaqə saxlayır.

 

Qeyd edək ki, bu gün Gənc Müəllimlər Assosiasiyasının I Forumu baş tutub. Forumda assosiasiyanın hədəfləri və fəaliyyətə başladığı dövrdən indiyə qədər gördüyü işlər video-çarx formasında iştirakçılara təqdim edilib. Təhsil naziri Ceyhun Bayramov bildirib ki, assosiasiya yaradılandan sonra bölgələrdəki müəllim problemi həll edilib və rayon məktəblərindəki vakant yerlər 100 faiz dolub: “Forumda assosiasiyanın loqosunun təsdiqi və təqdimatı keçirildi. Bir müddət əvvəl assosiasiya müsabiqə elan etmişdi. Assosiasiya böyük təşəbbüskarlıq göstərdi. Çoxsaylı təkliflər irəli sürüldü. Biz forumda da müzakirə etdik. Həqiqətən də ən böyük çətinlik belə çoxsaylı təkliflər arasında ən layiqli, ən uğurlu loqonun seçilməsi idi”.

 

Xatırladaq ki, Gənc Müəllimlər Assosiasiyası 28 noyabr 2018-ci il tarixində baş tutan Azərbaycan müəllimlərinin XV qurultayında bir qrup gənc müəllimin təşəbbüsü ilə yaradılıb.

 

Səfər Əlizadə,

Əli Ələkbər,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv