Ceyhun Bayramov: “Korrupsiyaya görə 6 rayon təhsil şöbəsinin rəhbəri işdən çıxarılıb”
"Hazırda Çində ümumilikdə 500-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Bunun 62 nəfəri dövlət xətti ilə təhsil alanlardır".
APA TV-nin məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, koronavirusun yayıldığı bölgələrdə 7 azərbaycanlı tələbə var: “Təhsil Nazirliyi Xarici İşlər Nazirliyi və Çindəki Azərbaycan səfirliyi ilə daim əlaqə saxlayır. Bizdə olan məlumata görə, 50-dən artıq ölkə vətəndaşlarını çıxartmaq üçün Çinə müraciət edib. Xarici İşlər Nazirliyindən əldə etdiyimiz məlumata əsasən, bu gün Çin Xarici İşlər Nazirliyində iclas olacaq. Ondan sonra Çin tərəfinin hansı addımları atmağı planlaşdırması ilə bağlı açıqlama olmalıdır. Bu açıqlama olduqdan sonra növbəti addımlar atılacaq. Bu məsələni diqqətdə saxlayırıq”.
Zəlzələ bölgəsindən qaytarılan tələbələrin aqibətinə aydınlıq gətirən nazir deyib ki, 102 azərbaycanlı tələbə Türkiyədən avtobuslarla Naxçıvana, oradan da Bakıya gətirilib: "Nümayəndə heyətimiz psixoloji yardım məqsədilə aeroportda onların qarşılanmasında iştirak edib".
Geri qaytarılan tələbələrin sonrakı vəziyyəti barədə məlumat verən nazir deyib ki, bu tələbələr hazırda tətildədirlər: "Sonrakı mərhələ ilə bağlı hansısa fasilə veriləcəyi müəyyən vaxtdan sonra bəlli olacaq. Eyni zamanda yenə də universitetlər tərəfindən təqdim olunan imkanlar, orada olan şərait, tələbələrin istəyi və seçimi ilə bağlı bir sıra məqamlar nəzərə alınmaqla növbəti addımlar atılacaq".
Ceyhun Bayramov korrupsiya faktları ilə bağlı vətəndaş müraciətlərinə də diqqət çəkib: "Görülən işlər nəticəsində 10 rayon təhsil şöbəsinin əməkdaşına, 3 ərazi maliyyə-hesablaşma mərkəzinin rəhbərinə inzibati tədbirlər təqdim edilib. Bir sıra təhsil müəssisəsində ciddi faktların olması nəticəsində 7 halda materiallar hüquq-mühafizə orqanlarına hüquqi qiymət verilməsi üçün təqdim edilib. Eyni zamanda ötən il 10 məktəb rəhbəri, direktor və direktor müavininin müqavilələrinə xitam verilib, işdən kənarlaşdırılıb".
Nazir deyib ki, müqavilələrinin müddəti sona çatan 80 məktəb rəhbəri barədə davamlı olaraq aşağı nəticələr göstərdiyi və məktəb idarəetməsində bir sıra pozuntulara yol verdikləri üçün növbəti dəfə müqavilələrinin uzadılmaması barədə qərar qəbul edilib. Korrupsiya faktlarına görə isə 6 rayon təhsil şöbəsinin rəhbərinin əmək müqavilələrinə xitam verilib.
İsa İsmayılov,
Faiq Həsənov,
APA TV