Cinayət başında yaxalanan oğrular polisə müqavimət göstərdi - AĞSUDA
Ağsuda polis əməkdaşları elektrik dirəklərindən naqillərini kəsərək oğurlayan şəxsləri cinayət başında yaxalayıblar.
APA TV-nin yerli bürosunun xəbərinə görə, yanvarın 8-də Ağsu Rayon Polis Şöbəsinə rayonun Pirhəsənli kəndindən keçən hissəsində elektrik dirəklərindən naqillərin kəsilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ərazidə 5 elektrik dayağı arasında olan xətləri kəsərək oğurlamağa cəhd göstərən 2 nəfər yaxalanıb. Bu zaman həmin şəxslər polis əməkdaşlarına müqavimət göstərib, küt alətlə onlara xəsarət yetirməyə cəhd ediblər. Lakin polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində onlar zərərsizləşdirilib.
Saxlanılan şəxslər maddi sübutlarla birgə Ağsu rayon Polis Şöbəsinə gətirilib. Araşdırma zamanı onların Pirhəsənli kənd sakinləri, əvvəllər məhkum olunmuş Səlim Nazimov və İmran Pirverdiyev olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.