Cinayətlər niyə törədilir? - AZƏRBAYCANLI TƏDQİQATÇIDAN ÖNƏMLİ ARAŞDIRMA

Ölkədən və mühitdən asılı olmayaraq, istər şəxslərə, istərsə də mülkiyyətə qarşı  cinayətlər qaçılmazdır. Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşları - İnqilab Şahbazov və Zaur Əfəndiyevin birlikdə həyata keçirdikləri kriminoloji tədqiqatın sözügedən cinayətlərə səbəb olan amilləri araşdırıb və həmin məqalələr beynəlxalq “Comparative Sociology”  jurnalında dərc olunub.

 

İnqilab Şahbazov deyir ki, birinci məqaləsi ölkəmizdə hansı iqtisadi və sosial amillərin cinayətkarlığa təsir etdiyini öyrənmək məqsədi güdüb: “Daha sadə dillə desəm, məsələn yoxsulluq insanları oğurluğa, insanları zorakı cinayətkarlığa, birini öldürməyə, yaralamağa sövq edirmi? Hansı amillər, hansı cinayətə təsir edir. Bunu öyrənməyə çalışdıq. Bunun üçün biz statistika komitəsindən yığılan məlumatları analiz etdik. Yoxsulluq daha yuxarı olan ərazilərdə insanların bir birini yaralama, öldürmə ehtimalı daha çoxdur. Biz həm də bunu müəyyən etdik ki, o ərazidə ki insanların sayı çoxdur, orada oğurluq halları, oğurlanacaq əşyaların sayı daha çox olur”.

 

Gənclərin soyuq silah daşıması halları son zamanlar daha da geniş yayılıb. Elə İnqilab Şahbazovun “Criminal Justice Review” jurnalında dərc  olunun digər məqaləsi də bununla bağlıdır. Həmin məqalədə İnqilab Şahbazov, Qoşqar Məhərrəmov, Orxan Fərəcli, Əfsanə Rüstəmova ilə 27 nəfər psixoloq və sosioloq, yaşları 15-17 arasında olan və soyuq silah daşıyan gənclərlə müsahibə keçiriblər. Apardıqları araşdırma zamanı gənclərin soyuq silah gəzdirmələrinin səbəbləri də ortaya çıxıb.

 

Müsahibimiz deyir ki, birinci səbəb kimi ortaya bu çıxdı ki, əksər gəncləri ortaq bir fikir birləşdirirdi: “Belə ki, həmin gənclər kriminal aləmin üzvlərinə rəğbət bəsləyirlər, onların təsiri altına düşürlər. Kriminal aləmdəki insanlar silah gəzdirirlər, amma bizim ölkədə silah əldə etmək çətin olduğu üçün, onlar bıçaq, beşbarmaq gəzdirirlər. Bizim ölkədə, məsələn, Amerikada olduğu kimi silah gəzdirmək asan olsaydı böyük ehtimal həmin gənclər odlu silah gəzdirəcəkdilər. Özlərinin dili ilə desək, onların öz  “kruq” larında silah gəzdirməyən oğlana pis baxırlar, ona qarşı xoşagəlməz ifadələr işlədirlər ki, təsir altına düşsünlər”.

 

İnqilab Şahbazovun sözlərinə görə, müsahibə aldıqları soyuq silah daşıyan gənclərin adam yaralamaq, cinayət işləmək kimi niyyətləri yoxdur. Onlar soyuq silah gəzdirməyi özlərinə güc mənbəyi, nüfuz olaraq görürlər. Qeyd edək ki, gənc tədqiqatçının beynəlxalq jurnallarda ümumilikdə 7 məqaləsi dərc olunub.

 

 

 

Fatma Zahidqızı,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv