Çindən gələn 7 soydaşımız xəstəxanaya yerləşdirildi - KORONAVİRUSA GÖRƏ

Çindən gələn 7 nəfər koronavirus təhlükəsi ilə əlaqədar Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

 

APA TV-nin məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Pekində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, 1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunub.

 

Çinin Jinxua şəhərində təhsil alan və hər ikisi 1998-ci il təvəllüdlü olan Azərbaycan vətəndaşlarının da hərarəti normaldır, heç bir şikayətləri yoxdur. Analizləri götürülüb, müayinə olunacaqlar.

 

Daha bir nəfər isə Çinin Jinxua şəhərində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Onun da hərarəti normaldır, heç bir şikayəti yoxdur.

 

Çinin Şandonq şəhərində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşının da vəziyyəti normaldır, heç bir şikayəti yoxdur. Xəstələrlə kontaktı olmayıb.

 

Çinin Zeyiyanq şəhərində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı da xəstəxanaya yerləşdirilib. Hərarəti normaldır, heç bir şikayəti yoxdur. Həkim müayinəsindən keçiriləcək .

 

Xəstəxanaya yerləşdirilən və Pekində təhsil alan 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı isə həkimlər tərəfindən müayinə olunub. Hazırda səhhətində problem yoxdur.

 

Qeyd edək ki, bu şəxslər ölkəyə tranzit aviareyslərlə İstanbul, Dubay və Moskva şəhərlərindən gəliblər.

 

Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar.

 

Müəllif | Apa.Tv
Apa.tv