Çindən Türkiyəyə təxliyə edilən soydaşlarımız Bakıya qayıtdı
Çindən Türkiyəyə təxliyə edilən 6 vətəndaşımız Azərbaycana çatıb.
APA TV-nin məlumatına görə, yerli vaxtla saat 16:20-də Bakıya çatan 6 Azərbaycan vətəndaşından biri 7 yaşlı qız olmaqla 3-ü eyni ailənin üzvləridir.
Çinin Uhan şəhərindən yayılan ölümcül koronavirus epidemiyasına görə bu ölkədən Türkiyəyə təxliyə edilərək 14 gün Ankarada Zekai Tahir Burak xəstəxanasında karantində saxlanılan və bu gün oradan Azərbaycana yola salınan 6 Azərbaycan vətəndaşından biri Leyla Quliyeva müayinələrin nəticələri barədə jurnalistlərə açıqlama verib: “Üç gündən bir qan analizi və burun analizləri götürdülər. Hər gün isə gündə 3 dəfə qızdırma ölçülürdü. Birinci analizlərdən etibarən hər kəsdə neqativ, hər kəsin səhhəti yaxşı idi”.
O deyib ki, Uhanda təxliyə olunmayan çoxlu xarici vətəndaş var: “Uhanda karantinə çox ciddi şəkildə əməl olunur. Şəhərə giriş-çıxış bağlanıb. Nə yerli, nə də xarici vətəndaş Uhanı tərk edə bilməz. Artıq şəhərlərdən əlavə, universitetlər də karantinə alınıb. Biz təxliyə olunmuşuq, o demək deyil ki, bütün xarici vətəndaşlar təxliyə olunub”.
Leyla Quliyeva bildirib ki, Çinin digər vilayətlərində də azərbaycanlı tələbələr var: "Çində təxminən 500-ə yaxın azərbaycanlı tələbə var. Bildiyim qədəri ilə onlarla da intensiv əlaqə saxlanılır, ehtiyacları qarşılanır. Yəqin ki, onların da yaxın zamanda təxliyəsi baş tutacaq”.
Çini yanvarın 16-da tərk edən tələbə Həsən Məmmədov isə deyib ki, ölkədən tez çıxa bilsə də, dostu Uhanda qalıb: “Bir yerdə getmişdik Çinə. Mən başqa şəhərdə idim, o, Uhanda idi. Karantinə alınandan sonra mən özüm gəldim. Amma o, çıxa bilmirdi. Sora Türkiyəyə gediblər. İndi gəliblər karantindən sonra”.
Qeyd edək ki, Türkiyədən gələn həmyerlilərimizi hava limanında ailə üzvləri və yaxınları qarşılayıb.