Çingiz Qənizadə YAP-a üzv oldu

Milli Məclisin sabiq deputatı Çingiz Qənizadənin Yeni Azərbaycan Partiyasına üzv olması barədə məlumatlar yayılıb.

 

APA TV xəbər verir ki, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə yayılan xəbərlərin doğru olduğunu Lent.az-a təsdiqləyib.

 

O, artıq bununla bağlı prezidentə müraciət etdiyini də qeyd edib: "Ölkəmizin ictimai-siyasi həyatında aktiv fəaliyyətimlə seçilsəm də, heç bir siyasi partiyanın üzvü deyiləm. Prezidentin uzaqgörən siyasətini və gördüyü bütün işləri həmişə dəyərləndirmişəm. Onu da qeyd edim ki, mənim ictimai-siyasi fəaliyyətimi yüksək qiymətləndirərək, cənab Prezident 2017-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakıma görə “Şöhrət” ordeni ilə təltif edib. Lakin 44 günlük Azadlıq və Vətən müharibəsi zamanı İlham Əliyevin Ali Baş Komandan və Prezident kimi qətiyyətini, uzaqgörən siyasi taktikalarını və nəhayət, bir sərkərdə kimi qürurverici keyfiyyətlərini bir daha gördükdən sonra məndə belə bir sual yarandı: niyə İlham Əliyevin rəhbəri olduğu Yeni Azərbaycan Partiyasının üzvü olmayım? Odur ki, mən partiya sıralarına qəbul olunmağım üçün YAP-ın sədri, ölkə Prezidenti İlham Əliyev cənablarına məktubla müraciət etdim”.

Müəllif | Apa.Tv
Apa.tv