Çinin çəkiliş qrupu Ağdamda olub
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sənədli filmin çəkilişinə başlayan Çinin “On the road” şirkətinin çəkiliş qrupu Ağdamda bir sıra yerlərdə olub.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, çəkiliş qrupu Ermənistan Silahlı Qüvvələrinin 28 il ərzində Ağdamda çəkdiyi "Ohanyan" səddini və minalanmış Azərbaycan torpaqlarını lentə alıb.
Daha sonra Pənahəli Xanın İmarət kompleksi, Xurşidbanu Natəvanın dağıdılmış məzarı lentə alınıb.
Bundan sonra çəkiliş qrupu Ağdam Çörək muzeyində, “Cümə” məscidində, Ağdam Dram Teatrında, Qiyaslı məscidi və Qarağacı qəbiristanlığında olub. Ağdamda işğaldan sonra aparılan quruculuq işləri ilə tanış olan çəkiliş qrupuna tikiləcək Ağdam haqqında məlumat verilib. Qrup şəhərin baş planı ilə tanış olub.
Çəkiliş qrupunun prodüseri Van Zı Quan bildirib ki, Ağdamın dağıntıları insanda təəssüf hissi yaradır.
“Məscidlərin dağıdılmasını, vandalizmi görürük. Bunlar əsl cinayətdir. Burada hər yerdə ciddi dağıntılar görürük, həm təəccüb, həm də təəssüf hissi keçiririk. Ümid edirik ki, ağdamlılar xoşbəxt həyatlarını bərpa edəcəklər. Artıq dövlət şəhərin bərpası üçün böyük layihələr həyata keçirir. İnanırıq ki, bir neçə ildən sonra bu yerlər insanların yaşaması üçün gözəl şəraitli bir məkana çeviriləcək.
Qeyd edək ki, Çinin “On the road” şirkəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sənədli filmin çəkilişinə başlayıb. Çəkiliş qrupu Ağdamdan əvvəl Şuşa şəhərində, Zəngilan, Füzuli rayonlarında olub.
Habil Aslanoğlu, Arzu Quliyev,
APA TV