“Çıxıb küçələrdə qonaq axtarırıq” – Bakının adsız yerləri

Bakı sürətlə böyüdükcə adsız məhəllələrə, küçələrə daha çox rast gəlməyə başlayırıq. İlk baxışdan elə də ciddi təsir bağışlamayan bu məsələ əslində sakinlər üçün əməlli-başlı problemə çevrilir, onların yaşayışını ağırlaşdırır. Bura isə Binəqədi rayon Biləcəri qəsəbəsidir. Sakinlər öz aralarında buranı “Dəyirman yolu”, “Xırmanın yanı” və ya “Deyska yolu” adlandırırlar. Maraqlıdır, görəsən, bu qədər şəhidimiz, bütün ömrünü Azərbaycan yolunda xərcləmiş, tarixə çevrilmiş şəxsiyyətlərimiz varkən, bu küçələr niyə adsız qalır? Mövzu ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirdi ki, Bakı şəhərində yerləşən küçə və prospektlərin inventarlaşdırılması, onların adının verilməsi, dəyişdirilməsi ilə bağlı komissiya artıq 5-6 aydır, fəaliyyətə başlayıb. Komissiyanın fəaliyyəti ilə bağlı daha geniş məlumat almaq istədikdə isə cavab verdilər ki, bundan əlavə məlumat olmayacaq. Gördüyünüz kimi... Yenə bizə qalan ümidlərdi. Ümid edək ki, illərdir problemin davam etməsinə baxmayaraq, cəmi 5-6 aydır yaranan, hələlik ortada düz-əməlli bir işi görünməyən sözügedən komissiya tezliklə adsız küçələri, məhəllələri tapacaq. Beləcə sakinlər də küçə-küçə düşüb təcili yardım, yanğınsöndürən axtarmaq əziyyətindən qurtulacaqlar. S

ÜNBÜL HÜSEYNOVA

VÜSAL BAYRAMOV

APA TV

Müəllif | Apa.Tv
Apa.tv