Cocuq Mərcanlıya ilk marşrut yola düşdü - GƏNCƏDƏN

Məmləkətin 30 ilə yaxındır marşrut işləməyən ünvanı. Amma artıq Cocuq Mərcanlıya da birbaşa reyslər olacaq. Həm də ölkənin paytaxtdan sonra 3 ən böyük şəhərindən - Gəncə, Sumqayıt və Mingəçevirdən...


APA TV-nin Qarabağ bürosunun məlumatına görə, ilk yoladüşmə Gəncə-Cocuq Mərcanlı marşrutu ilə baş tutub. Saat 10:30-da Gəncədən ilk marşrut yola düşüb. Eyni zamanda Gəncəyə Cocuq Mərcanlıdan 08:40-da çıxır: “Cocuq Mərcanlıda 150 ev var. Burda  510 nəfər yaşayır. Amma tək bu kəndlə  bitmir. Cocuq Mərcanlının 1500 nəfər  əhalisi var ki, onlar ölkənin 20 şəhər və rayonunda yaşayır. Xeyrimiz, şərimiz var, piyada, yollarda qalırdıq”.

 

Yeni marşrutlardan sakinlər məmnundur: “Keçən il olsa idi, lap yaxşı olardı. Çünki qardaşım Gəncədə hərbi xidmətdə idi, biz çox əziyyət çəkdik. Yenə də sevinirik. Cocuq Mərcanlının göz önündə olması ətraf kəndlərə də xeyirdir. Onlar da bundan yararlana bilir”.

 

“Çox gözəl iş oldu, böyük əhəmiyyəti var. Axşam xəbərlərdə eşitdim, səhər gələndə gördüm ki. artıq Gəncə marşrutu burdadır. Çox sevindim. Hələ Sumqayıt, Bakı marşrutları da açılacaq”.

 

Xatırladırıq ki, Gəncə-Cocuq Mərcanlı marşrutunun gediş haqqı 6 manat, Mingəçevir-Cocuq Mərcanlı marşrutu üzrə 5 manat, Sumqayıt-Cocuq Mərcanlı istiqaməti üzrə isə 8 manat 20 qəpikdir.

Müəllif | Apa.Tv
Apa.tv