“Çörəkpulu” dayandırılır? - Rəsmi CAVAB
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi VÖEN-i olan məcburi köçkünlərə verilən “çörəkpulu”nun dayandırılacağı barədə məlumata münasibət bildirib. Dövlət Komitəsindən bildirilib ki, onlara dövlət büdcəsindən ayrılan vəsait hesabına vahid aylıq müavinət ödənilir. Müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Qayda əsasında təyin edilir və hər ay ödəniş aparılır.Qaydanın 2.13. bəndinə əsasən, məcburi köçkün statusu olan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə vahid aylıq müavinət şamil edilmir. Vahid aylıq müavinət dövlətin sosial müdafiə aləti kimi həqiqətən ağır şəraitdə yaşayan, gəlir gətirən fəaliyyətdən müxtəlif səbəblərə görə kənarda qalan, sosial müdafiəyə xüsusi ehtiyacı olan məcburi köçkünlərə verilir. Dövlət Komitəsi bəyan edib ki, sahibkarlıqla məşğul olan şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olmayan vətəndaşlar sayılırlar. Məlumatda qeyd edilib ki, VÖEN-i olan məcburi köçkün vətəndaşlara yalnız onların aktiv sahibkarlıq fəaliyyəti dövründə vahid aylıq müavinətin verilməsi dayandırılır.