COVID-19-a qarşı effektiv peyvənd: “CoronaVac” – NÜFUZLU JURNALDAN ARAŞDIRMA
Dünyanı təhdid altına alan koronovirus təhlükəsinə qarşı peyvənd bilirik ki, artıq ölkəmizdədir. İlkin mərhələdə tibb işçiləri peyvənd olundu. İndi isə növbə 65 yaş və 65 yaşından yuxarı olan insanlarındır.
- Əgər məsləhətdirsə, bu təhlükəli olmaz. Bu peyvənd Səhiyyə Nazirliyinin nəzarəti ilə vurulursa, düşünürəm ki, biz də etdirməliyik bunu.
- Mənim fikrim müsbətdir. Niyə etdirməyək ki? Bunu bizi öldürmək üçün etmirlər ki. Sağlamlığımıza görə edirlər.
- Mən yüngül keçirmişəm bu xəstəliyi. Həkimlə məsləhət etdim, dedi ki, 5-6 ay keçməlidir. Vaxt tamamlansın, sonra gedib etdirəcəyəm. Bu yaxında da gedib qeydiyyata düşəcəyəm ki, mənə tarix versinlər, gedib peyvənd olunum.
APA TV xəbər verir ki, bütün dünya ölkələri kimi, Azərbaycan da ölümcül təhlükə olan COVID-19-a qarşı vaksinin hazırlanmasını gözləyirdi.
Amma vətəndaşlar arasında peyvəndin təhlükəli olduğuna, müəyyən fəsadlar yaradacağına inananlar da var.
- Vaksini mən vurdurmadım. İnanmıram peyvəndə. Tərkibini bilmədiyimə görə güvənmirəm.
- Bizim yaş qrupumuz heç deyirlər ki, cavanlarda sonsuzluq yaradır.
- Peyvəndin, ümumiyyətlə, koronovirusla bağlı effektiv olacağına şübhə edirəm.
“Borçalı” Cəmiyyətinin sədri, həkim-stomatoloq Zəlimxan Məmmədli ilk peyvənd etdirən həkimlərdəndir.
Qeyd edək ki, dünyanın nüfuzlu jurnalı olan “The Lancet” COVID-19 infeksiyasına qarşı hazırlanmış “CoronaVac” peyvəndinin təhlilinə həsr olunmuş araşdırma dərc edib. Jurnalda qeyd edilib ki, COVID-19 infeksiyasına qarşı 60 yaş və daha yuxarı yaş qrupu insanlarda aparılmış və müşahidəsi davam edən “CoronaVac” vaksinasiya sınaqlarının nəticələri uğurlu olub. Elmi tədqiqatda təsirsiz hala gətirilmiş SARS-CoV-2-dən hazırlanmış “CoronaVac” peyvəndinin 60 və daha yuxarı yaş qrupu insanlarda təhlükəsizliyi və immunogenliyinin qiymətləndirilməsi hədəfi qarşıya qoyulub. 18-59 yaş qrupu arasında uğurla tamamlanmış sınaqlardan sonra tədqiqata 60 yaş və yuxarı sağlam yaşlılar cəlb edilib. Aparılan sınaqlardan sonra gəlinən nəticəyə əsasən, vaksinin effektivliyi 95% inam intervalında olub və “CoronaVac” yaşlılar arasında tam təhlükəsiz hesab olunub.
Fatma Zahidqızı,
Musa Qulammirzəyev,
APA TV