13:04 16 Aprel 2021 139
Ana səhifə Xəbərlər

“Covid”li xəstələrə ayrılan pulsuz dərmanlar hara yoxa çıxır?

“Səhiyyə Nazirliyi və TƏBİB COVID 19  xəstələrinə sahə həkimləri tərəfindən müalicə və nəzarətin yüksək səviyyədə təşkil edildiyini, dərman paketlərinin pulsuz çatdırıldığını deyir. Vətəndaşlar isə bununla razılaşmır. Onlar iddia edir ki, bir çox hallarda həkimlər xəstələrlə maraqlanmır. Dərmanları isə öz hesablarına almaq məcburiyyətində qalırlar”.

 

Son günlər bəzi sosial şəbəkə istifadəçiləri koronavirusa yoluxan ailə üzvləri və yaxın adamlarına qeydiyyatında olduqları tibb məntəqələri tərəfindən laqeyd münasibət bəslənməsi ilə bağlı paylaşımlar edirlər.

 

Paylaşımlarda sahə həkimlərinin zənglərə cavab vermədikləri, lazımı dərmanlarla təmin olunmadıqları iddia olunur. Hətta xəstəliyin kəskin hal almasında həkimləri günahlandıranlar da var.

 

Deyilənlərin həqiqəti əks etdirib-etdirmədiyini yoxlamaq üçün öncə şəhər xəstəxanalarına və onların nəzdində olan poliklinikalara üz tutduq. 18 nömrəli birləşmiş şəhər xəstəxanasının şöbə müdiri Rövşən Abbasov söylənənlərin gerçək olmadığını söylədi: “Bizim sahə həkimləri mütəmadi olaraq , COVID 19 xəstələrin hər biri ilə telefon əlaqəsi saxlayır. Xəstələrin temperaturu, xəstəliyin müsbət və ya mənfi dinamikası yoxlanılır.  Həmin məlumatlar əsasında həkimlər hətta gec saatlarında da xəstələrlə maraqlanırlar.  Eyni zamanda xəstələr Səhiyyə Nazirliyi tərəfindən dərman vasitələri ilə mütəmadi təmin olunur”.

 

7 nömrəli şəhər poliklinikasının həkim-terapevti Günel Nuriyeva isə bildirdi ki, bəzi test nəticəsi pozitiv olan xəstələr zəng edərək sahə həkimlərini evə dəvət edirlər. Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin tapşırığına əsasən sahə həkimlərinin COVID 19 a yoluxan xəstələrə evdə müalicə aparmaq qadağan edilib. Həkim əlavə elədi ki, xəstəliyi yüngül keçirənlər karantinə alınaraq lazımı dərman vasitələri ilə pulsuz təmin edilir və onlara daimi nəzarət olunur: “Səhiyyə nazirliyinin xüsusi ayrılmış pulsuz  dərman paketi var ki, COVID 19 xəstələri üçün nəzərdə tutulub. Həmin paketə vitaminlər və minerallar daxildir ki, ilkin mərhələdə xəstələrdə immunitet yaransın. Bütün heyətimiz, tibb bacılar, həkimlər hamısı çox yüksək səviyyədə bu xəstəliklə mübarizəyə cəlb olunub”.

 

Bəs şəhər sakinləri nə deyir? Həkimlərin söylədikləri ilə razıdılarmı?

 

- Pulsuz dərmanla təmin olunma yoxdur.  Təkcə sahə həkimləri zəng edərək məsləhət verirlər ki, hansı dərmanları istifadə etmək olar. Özləri dərmanların alıb, müalicə olunurlar. Belə bir şeylə rastlaşmamışam ki, pulsuz dərman versinlər”.  

 

- COVID 19-a yoluxan insanlar özləri pul verib müalicə olunurlar.  Ola bilsin ki Səhiyyə Nazirliyi pulsuz dərman ayırıb. Ancaq həkimlər xəstələrə müxtəlif dərmanlar deyirlər. Üstəlik də öz tanıdıqları apteklərə yönləndirirlər.

 

- Bir qohumum koronavirusa yoluxmuşdu və öz hesabına müalicə olundu.

 

Gördüyünüz kimi, sorğu zamanı da, sosial şəbəkələrdə yazılanlardan fərqli bir mənzərə ilə qarşılaşmadıq.

 

Qeyd edək ki, ölkəmizdə COVID 19 virusuna yoluxan şəxslərin müalicəsi Səhiyyə Nazirliyi tərəfindən pulsuz həyata keçirilir.

 

Xələf Xələfov

Faiq Həsənov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın