Cüneyt Arkın Azərbaycanda kimin evində olub? - 31 İL ƏVVƏLİN HEKAYƏSİ

Türk kinosunun əfsanə aktyoru Cüneyt Arkın illər öncə, 1991-ci ilin mart ayında Azərbaycana səfəri çərçivəsində bir günlük Zaqatala rayonunda qonaq olub.

APA TV-nin yerli bürosunun əldə etdiyi məlumata görə, o dövrlərdə paytaxt Bakı şəhərində Türk kinosu günləri keçirilib. Azərbaycan Sovet Respublikasının dəvəti ilə Türkiyə Kino Birliyinin bir qrup nümayəndəsi Azərbaycana təşrif buyurub. Həmin bu tədbirdə Cüneyt Arkın başda olmaqla bir-neçə türk incəsən xadimi iştirak ediblər.

Türk ulduzu Cüneyt Arkın eşidib ki, Zaqatalada böyük fındıq emalı zavodu və qızıl gül yağı istehsal edən gül zavodu fəaliyyət göstərir, bu yerləri görmək istəyib. Aktyorun bu arzusunu nəzərə alan Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndələri onu Zaqatala rayonuna gətiriblər. Cüneyt Arkın bir günlük Zaqatalaya səfəri çərçivəsində zavod və fabriklərə yanaşı Zaqatalanın Tarix-Diyarşunaslıq muzeyində, Ticarət Mərkəzlərində və rayonun Aşağı Tala kənddə gənc ailənin qonağı olub. Səfər vaxtı onu müşaiət edən şəxslərdən biri də o zamanlar Zaqatala radiosunda məsul redaktor işləmiş Elmira Mehdiyeva olub. Elmira xanım aktyorla bağlı xatirələrini bizimlə bölüşərək deyir ki, işdə olanda telefon etdilər ki, mötəbər qonaqlarımız var, onları müşaiət edin.

Elmira xanım deyir ki, bütün gəzintimiz boyu onunla müxtəlif mövzularda söhbətimiz oldu və o bizi çox gözəl başa düşürdü.

O aktyorla çəkdirdiyi şəkilləri hələ də əziz bir xatirə kimi saxlayır. Növbəti görüşlərinin tütün zavodu və mərkəzi univermaqda olduğunu deyir.

Cüneyt Arkının Zaqatalada qonaq olduğu günlərdə  Azərbaycanda hələ Sovet hakimiyyəti dövrü idi və onun bu səfərini təbii ki, partiya nümayəndələri müşayiət edirdilər. O zaman qonaqlar gənc bir ailəyə qonaq gedərək yerli mədəniyyəti daha dərindən öyrənmək istəyiblər. Onlar Aşağı Tala kəndində, kolxozda sürücü işləyən yeni ailə qurmuş Maarif Məmmədovun evində qonaq olublar. Deyilənə görə, Cüneyt bəy dadına baxdığı hər yeməyi çox bəyənib, daddıqca “harika”, “iyi” deyərək fikir bildirirmiş.

“Cüneyt Arkın çox məşhur olmasına baxmayaraq, olduqca sadə bir insan idi”. Bunu qonaq olduğu evin sahibəsi Humay Məmmədova deyir.

Bir neçə kolxozu, məktəbləri gəzən məşhur aktyor sadə zaqatalalıların evinə gedib, vətəndaşlarla görüşüb. Bu unudulmaz görüşün təəssüratları hələ də onu görən insanlarda xoş xatirələr oyadıb. Bu insanlardan biri də Zaqatala rayon sakini Mahir İsayevdir. Satıcı işləyən Mahir Gəncədə hazırlanan çayniki aktyora  hədiyyə etdiyini bildirir. Deyir ki, biz onu filmlərdə görmüşdük, amma realda daha cüssəli və yaşıl gözlü insan idi. O zaman görüşdə iştirak etmiş rayon sakinləri bildirir ki,  Cüneyt Arkın görüşü zamanı ölkəmizi çox gec tanıdığı üçün təəssüfləndiyini bildirib.

Xalqımız sənətkarın vəfatını hüznlə qarşıladı və 31 il keçsə də, aktyorun Zaqatala səfəri hələ də sevgi ilə xatırlanır. Çünki görüşdüyü hər kəsə bir dünya xatirə bağışlayıb.

 

Vüqar Heydərov,  Əhməd Fərrux oğlu  Zaqatala APA TV

Müəllif | Apa.Tv
Apa.tv