Dağıdılan evlər, viran qalan kəndlər... – FÜZULİDƏN GERİ QALANLAR
Bura nə Xirosima, nə də Naqasakidir.
Bura atom bombası atılmayıb.
Bura 27 il ərzində erməni vandalları tərəfindən dağıdılmış, viran qalmış Füzuli rayonunun ərazisidir.
APA TV-nin məlumatına görə, görkəmli şairimiz Məhəmməd Füzulinin adını daşıyan Füzuli şəhəri və eyniadlı rayonun 50-dən artıq yaşayış məntəqəsi 1993-cü ilin 23 avqustunda erməni silahlı birləşmələri tərəfindən işğal olunub. 27 il düşmən tapdağında qalan Füzuli yurdu 2020-ci il oktyabrın 17-də rəşadətli Azərbaycan Ordusu tərəfindən düşmən işğalından azad edilib.
Göz işlədikcə yolboyu uzanan dağılmış evlər, ermənilərin talan etdiyi kəndlər ötən illər ərzində düşmənin burada heç bir quruculuq işi aparmamasından xəbər verir. Görünən odur ki, ermənilər bu illər ərzində digər işğal etdikləri rayonlarımız kimi, Füzulidə də hərbi sədlər, istehkam qurğuları, yeraltı yollar, bunkerlər tikməkdən, ərazilərimizi minalamaqdan başqa heç bir iş görməyiblər. Hələ ermənilərin dilindən düşməyən məşhur “Ohanyan səddi”ni demirik. O sədd ki, müzəffər Azərbaycan Ordusu onu bir neçə günə darmadağın edərək, Qarabağı işğaldan azad etdi.
İndi Azərbaycan əsgərinin şücaəti, ölkə başçısının qətiyyəti sayəsində bu torpaqlarda rahat gəzib, bu cənnət yerlərin havası ilə rahat nəfəs alırıq. Yaxın zamanlarda isə illərdir öz doğma yurd-yuvasının həsrətini çəkən 1 milyondan artıq məcburi köçkün ata-baba ocağına qayıdacaq. Qayıdışın mübarək, Vətən!
Həmidağa Məcidov,
Əli Ələkbər,
APA TV