Dağılan evlər bərpa olunur
44 günlük Vətən müharibəsi dövründə istər ön xəttə yaxın, istərsə də cəbhədən çox aralıda yerləşən şəhər və rayonlarımız da mənfur düşmənin terrorçu əməllərinin nəticəsi olaraq dağıntılara məruz qaldı. Dinc sakinlərə qarşı yönəldilmiş raket və ağır artilleriya zərbələrindən insanlar həlak oldu, yaşayış evləri, təsərrüfatlar, ticarət və iaşə obyektləri dağıdıldı. Prezident İlham Əliyevin sərəncamına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndində Ermənistanın təcavüzü nəticəsində zərər çəkmiş yaşayış evlərinin tikintisi və təmir bərpası yekunlaşmaq üzrədir. Burda Komitə tərəfindən 3 ev yenidən tikilib, 292 tikili isə təmir-bərpa olunub. Goranboyda inşa edilən evlərin bünövrəsi bu ilin fevral ayında qoyulub.
Qeyd edək ki Goranboy rayonunda Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində 5 yaşayış evi dağıdılıb, 373 tikiliyə zərər dəyib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında qısa zaman ərzində 366 tikili təmir-bərpa olunub, 4 yaşayış evi tamamilə yenidən tikilərək sakinlərə təqdim edilib. Hazırda 1 yaşayış evinin inşası və digər tikililərin təmir-bərpası yekunlaşmaq üzrədir. Tez bir zamanda Goranboy rayonu ərazisində tikinti və təmir-bərpa işlərinin tam yekunlaşdırılacaq. Ümumilikdə 11 şəhər və rayon ərazisində 13 000-dən çox tikiliyə ziyan dəyib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında hazırkı mərhələdə 11 300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Goranboy