Dağılan evlərin tikintisi və təmir-bərpası davam edir

44 günlük müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin rayon və kəndlərimizi artilleriya silahlarından atəşə tutması nəticəsində ən çox ziyan görmüş rayonlardan biri Tərtərdir. Burada ümumilikdə 6000-ə yaxın tikiliyə zərər dəyib. Bunlardan 57 yaşayış evi və 5 qeyri-yaşayış obyekti tamamilə dağıdılıb, digərlərinə qismən ziyan dəyib. Dəymiş ziyanın aradan qaldırılması istiqamətində Dövlət başçısının tapşırığına əsasən 5 600-ə yaxın tikilinin təmir-bərpası, 44 yaşayış evi və 4 qeyri-yaşayış obyektinin tikintisi yekunlaşdırılaraq sahiblərinə təhvil verilib.

 

Zərər görən evlərdən biri Taleh Həşimova məxsusdur. Müharibə zamanı düşmənin atdığı mərmi onun evini yarasız hala salıb:”Keçən il sentyabr ayının otuzu günü bizim evə top mərmisi düşmüşdü. Ev tamamı ilə dağılmışdı. 80 faiz dağıntı olmuşdu. Buna baxmayaraq dövlətimiz sağ olsun, evimizi bərpa edirlər.”

Digər zərərçəkən isə Rafiq Əliyevdir. Vətən müharibəsinin səkkizinci günü onun da evinə və maldarlıq təsərrüfatına ciddi ziyan dəyib. Mal-qarası tələf olub, evi tamamı ilə dağılıb. Lakin aparılan bərpa və tikinti işləri nəticəsində evi yenidən tikilərək ona təhvil verilib:“Hardasa, müharibə başlayandan 7-8 gün sonra olmuşdu, düşmüşdü evlərimizə bizə ziyanlıq vermişdi. Çox ziyanlıqlar vermişdi. Amma o ziyanlıqlara baxmayaraq Allah Prezidentimizin canın sağ eləsin ki, bizi hər bir şeylə təmin elədi. Evimiz dağılmışdı ev tikdirdi, malımız heyvanımız qırılmışdı hamısını yerbəyer ödədilər verdilər.”

Bərpa və təmir işləri yaşayış evləri ilə yanaşı qeyri-yaşayış obyektlərində də aparılır. Tərtərdə yerləşən pambıq emalı zavoduna da dəymiş ziyan tam aradan qaldırılaraq zavodun fəaliyyəti təmin edilib. MKT- nin Tərtər filialının direktor müavini  Elmir Mustafayev bildirir ki, bərpa prosesi 4-5 ay davam edib: ”44 günlük müharibə zamanı bura – oktyabr ayının 19-da çoxlu sayda mərmi düşüb. Bu zaman filial ərazisində bu anbar da daxil olmaqla bir sıra tikli və sexlərimiz yararsız hala düşmüşdü. Bərpa prosesi təxminən 4-5 ay ərzində davam elədi və gördüyünüz vəziyyətə gətirilib çıxarıldı ki, keçən il bu vaxtı da anbarlarımız yananda da içəridə hazır məhsul və materiallarımız var idi. Hamısı yarasız hala düşmüşdü. Hazırda gördüyünüz kimi bütün yararsız hala düşmüş obyektlərimiz təmir olunaraq əvvəlkindən də yaxşı vəziyyətə gətirilmişdir.”

Hazırda 13 yaşayış evi və 1 qeyri-yaşayış obyektinin inşası, 300-dən çox tikilinin təmir-bərpa işləri davam edir. Tərtər rayonu üzrə işlərin tez bir zamanda yekunlaşdırılması üçün bütün qüvvələr bura cəlb edilib.

 

Qeyd edək ki, 11 şəhər və rayon ərazisində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində ziyan dəymiş tikililərin inşası və təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilir.

 

Ümumilikdə 11 şəhər və rayon ərazisində 13000-dən çox tikiliyə ziyan dəyib ki, hazırkı mərhələdə onlardan 12000-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb.

 

Habil Aslanoğlu, Elgün Gəncimsoy, Arzu Quliyev, APA TV, Tərtər. 

 

Müəllif | Apa.Tv
Apa.tv