Dağıntılar altından çıxarılan uşaqlara niyə qolbaq taxılır?
Fevralın 6-sı qardaş Türkiyə səhəri təbii fəlakətlə açdı. Zəlzələ minlərlə insanın həlak olmasına, on minlərlə insanın yaralanmasına səbəb oldu. Yerlə bir olan binaların altında qalanların xilas edilməsi üçün sıravi vətəndaşlar da xilasedicilərə dəstək verir. Ən çox ürək ağrıdan isə dağıntılar altında sıxılıb qalan körpə bədənlərin görüntüləridir. Eşidilən bir səs, bir nəfəs, möcüzə yaratmağa bəs edir. O uşaqlardan kimisi 30, kimisi 79-80 saat sonra çökmüş binaların altından çıxarılır.
Beton piltələr arasından çıxarılan uşaqların talesizliyi təkcə səhəri çökmüş binaların altında qarşılamaları deyil. Çoxu valideynlərini itirib. Bəzilərininsə ya atası, ya da anası onları qorumaq üçün öz bədənini sipər edib həyata gözlərini yumub. Məsələn, Malatyada dağıntılar altından 29 saat sağ qalan Mehmet Tekeş 3 yaşlı oğlu Miranı qucaqlayaraq qoruduğu üçün ağır xəsarətlər alıb. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmadı. Bəzi uşaqların valideynləri isə hələ də dağıntılar altında xilas edilməyi gözləyirlər. Bəs dağıntılar altından çıxarılan, ailəsi yanında olamayan uşaqların aqibəti necə olacaq? Türkiyənin Uşaq Xidmətləri qurumunun baş direktoru Musa Şahin bu məsələyə aydınlıq gətirib:
“Uşaqlarımızı yaratdığımız məlumat forması ilə qeydiyyatdan keçiririk. Onların şəkillərini, göz və saç rəngini qeyd edirik. Sonra fotosunu çəkib Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) hazırladığı məlumat sisteminə yükləyirik. İlk iş xilas olunan uşaqların zəlzələ riski olmayan əyalətlərə köçürülməsidir. Bu uşaqlar üçün qolbaq sistemi tətbiq edəcəyik. Belə ki, uşağı əyalətə köçürərkən ona ağ qolbaq taxıb, adını yazıb, nömrə verəcəyik. Rəqəmsal sistemə əsasən, hər vilayət üçün fərqli rəngdə qolbaq veriləcək. Sonra ailələr dağıntılar altından hansı şəhərdə çıxdıqlarını söylədikdə uşaqlarını daha rahat tapa biləcəklər.
İndi qardaş Türkiyədə xilasedicilər zamanla yarışır. Hər an bir nəfəsi qorumaq, bir bədəni beton piltələr arasından qurtarmaq, “səsimi duyan varmı” deyib, imdad gözləyən bir körpəni həyata qaytarmaq üçün önəmlidir. İndi hamımız Türkiyə ilə tək ürək olub, dağıntılar arasında qalanların xilas edilməsi üçün saatlarla verilən o əməyin qarşılığında möcüzələrin reallaşmasını, soyuqdan göyərən o kiçik əllərin isinməsini gözləyirik.