Dağlıq ərazilərdə taxıl sahələri belə biçiləcək - YENİLİK

Azərbaycanın dağlıq və dağətəyi ərazilərində taxıl biçininə start verilib. Yardımlı rayonunun yüksək dağlıq ərazidə yerləşən Ərsilə kəndində start verilən prosesə xüsusi olaraq dağ kombaynları cəlb edilib. İxtisaslaşmış dağ kombaynlarının əsas xüsusiyyətlərindən biri məhsulu itkisiz yığmasıdır. Eyni zamanda, dağ kombaynları 20 dərəcə nəmlikdə biçin apara bilir ki, bu da məhsulun daha tez yığılmasını təmin edir. Tam kompüterləşdirilmiş, innovativ dağ kombaynları yamaclarda 38 dərəcə bucaq altında, hündürlükdə isə 32 dərəcə bucaq altında biçin apara bilir. Yaxın günlərdə Lerik, Cəlilabad, Şəmkir rayonlarının yüksək dağlıq ərazilərində də dağ kombaynlarının iştirakı ilə kütləvi biçin başlayacaq. Ərsilə kəndində biçin prosesi başa çatdıqdan sonra jurnalistlərə açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, taxıl əkinlərində aqrotexniki qulluq qaydalarına düzgün riayət olunması yekunda məhsuldarlığa müsbət təsir edir. Ərsilə kəndinin zəmilərində biçindən sonra xüsusi riper avadanlığının köməyi ilə yay şumu aparılıb, fermerlərə yay şumunun əhəmiyyəti barədə məlumat verilib: “Biçindən dərhal sonra yay şumunun aparılması taxıl əkinlərində ilk aqrotexniki tədbirdir. Yay şumu torpağın strukturunu yaxşılaşdırır, alt qatlarda nəmliyin toplanmasını, samanın çürüyərək üzvi gübrəyə çevrilməsini təmin edir. Bundan başqa yay şumu gəmiricilərə qarşı mübarizənin ən yaxı üsullarından biridir. Dərin şum torpağın altında olan gəmirici yuvalarını dağıdır və səpindən sonra, çıxış dövründə gəmiricilərə qarşı mübarizə aparmaq məcburiyyətini əvvəlcədən aradan qaldırır. Bu mövsüm artıq biçindən sonra təxminən 100 min hektar sahədə yay şumu aparılıb”. Qeyd edək ki, artıq ölkə üzrə 569 min 716 hektar sahədə biçin prosesi başa çatıb. Bu, payızlıq əkin sahələrinin 58,9 faizini təşkil edir. Taxıl biçini davam edir.

Müəllif | Apa.Tv
Apa.tv