Dağlıq ərazilərə qar yağacaq - PROQNOZ
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal olunur.
Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 21-23, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 65-75 faiz olacaq.
Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi ehtimalı var.
Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 6-10 dərəcə isti olacaq.