Dağlıq Qarabağ münaqişəsinin başladığı kənd - REPORTAJ

APA televiziyası olaraq yolumuz “Zəfərin izi” ilə yenidən Xocavənd rayonunun Tuğ kəndinədir.

Bu, Kiçik Qafqaz sıra dağlarının qoynunda sanki cənnəti xatırladan Tuğa ikinci səfərimiz olsa da, hər dəfə bu yerləri ziyarət edəndə insan sanki nələrisə yenidən kəşf edir. Cənnət ifadəsini sözgəlişi işlətmədik.

Tuğ təkcə dağların döşündə, meşələrin qoynunda yerləşdiyinə görə deyil, həm də əksəriyyəti çapılma və kobud yonulma daşlardan tikilmiş evlərinin memarlığına, qədim abidələrlə zənginliyinə görə də hər zaman seçilib:

Tuğ kəndi, bəli, Xocavənd rayonunun Tuğ kəndi. Rayonun mərkəzindən 53 kilometr cənub-qərbdə yerləşən və Qarabağ silsiləsinin ətəyində qərar tutan bu kənd dəniz səviyyəsindən 1400-1500 metr yüksəklikdədir. Əhalisinin sayı 2 min nəfərdən çox olan Tuğ kəndində insanlar əkinçilik, maldarlıq, üzümçülük və baramaçılıqla məşğul olublar. Bundan başqa, Tuğ kəndi Azərbaycana bəxş etdiyi maarifçiləri, ictimai-siyasi xadimləri ilə də məşhurdur. Həmçinin bu kəndin yaxınlığında dünyaca məşhur Azıx və Tağlar mağaraları yerləşir. Tuğ kəndi 1991-ci ilin oktyabr ayının 30-dan 31-ə keçən gecə ermənilər tərəfindən işğal olunub. Üstündən uzun illər keçdikdən sonra 2020-ci ilin 9 noyabrında Tuğ kəndi müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi və Tuğ kəndinə Azərbaycan bayrağı sancıldı.

Sovet hakimiyyəti illərində Tuğun mərkəzində II Dünya müharibəsində iştirak edən kənd sakinlərinin xatirəsinə həsr olunmuş memorial abidə ucaldılıb. Amma Tuğ işğalda qaldığı illərdə erməni vandalizminin “dağıdıcı mexanizmi” bu abidədən də yan ötməyib:

İkinci Dünya müharibəsində Tuğ kəndliləri də iştirak ediblər. Kəndin 600-ə yaxın gənci müharibəyə yollanaraq döyüşlərdə iştirak edib. Lakin onların 400-ü geri qayıtmayıb. Gördüyünüz bu abidə isə Tuğ kəndindən II Dünya müharibəsinin iştirakçılarının xatirəsinə ucaldılıb. Lakin abidənin üzərində Azərbaycanla bağlı olan yazılar silinib, yalnız ermənilərlə bağlı yazılar saxlanılıb.

1989-cu ilin statistik məlumatlarına görə, kənddə 920 azərbaycanlı, 700 erməni yaşayıb. 1991-ci ilin oktyabr işğalından sonra isə Tuğda bir nəfər də olsun, azərbaycanlı qalmayıb. Nəticədə Tuğdan didərgin düşmüş əhali respublikanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşayıb. 2020-ci ilin 9 noyabrında müzəffər Ordumuzun şanlı qələbəsi nəticəsində işğaldan szad olunan Tuğ kəndi bundan sonra əsl sahiblərinə qucaq açacaq.

Tuğ toponiminin mənası fərqli formalarda izah olunur. Bir sıra tədqiqatçılar hesab edir ki, Tuğ etnotoponim olub öz mənşəyini türkdilli qıpçaq tayfalarından birinin adından götürüb. Digər bir qisim isə bu sözün mənasını türk dillərində istifadə olunan “tuq” - yəni bayraq sözü ilə əlaqələndirir. Qədimdə tuğ adlanan bayraqlardan döyüşlər zamanı istifadə edərdilər. Bir zamanlar Osmanlı imperiyasında, indinin özündə isə Türkiyə Ordusunda ən ali hərbi rütbələrdən hesab olunan tuğgeneral rütbəsinin də bayraq mənası verən tuğ sözündən yarandığı məlumdur. Bu da “Tuğ” toponiminin türk mənşəli olmasının bariz sübutudur.

Bura Tuğ kəndinin Mədəniyyət Evidir. Vaxtilə bu mədəniyyət evinin birinci mərtəbəsində tuğluların istirahətini səmərəli təşkil etməsi üçün bilyard və digər stolüstü oyunların keçirilməsi üçün hər cür şərait var idi. Binanın ikinci mərtəbəsində isə böyük konsert salonu yerləşirdi. Bu konsert salonunda Azərbaycanın Əlibaba Məmmədov, Sara Qədimova, Əbülfət Əliyev kimi sənətkarları dəfələrlə konsertlər veriblər.

Ermənilər 30 il ərzində Azərbaycanın dilbər guşələrindən hesab olunan Tuğu elə bir vəziyyətə salıblar ki, bura qayıdan azərbaycanlılar öz doğma el-obalarını tanımaqda belə çətinlik çəkirlər. Belə şəxslərdən biri də vaxtilə Tuğ kəndinin keçmiş icra nümayəndəsi olan Cəmil Bayramovdur. O, öz evinin yerini tapsa da, ömrünün 25 ilini keçirdiyi doğma ocağının acınacaqlı halından pərişan olub: “Mən hər dəfə fikirləşəndə uşaqlıq xatirələrim yadıma düşür. Burdan uşaq bağçasına, məktəbə necə getmişəm – hamısı gözümün önündə canlanır. Mən hardasa 25 il bu evdə yaşamışam. Gördüyünüz o yerdə uşaq bağçası yerləşirdi. Burdan arxadan yol var. Bizi uşaq bağçasına aparırdılar. Mən orda qala bilmirdim. Tez-tez ordan evə qaçırdım. Bağçadakı tərbiyəçimiz milliyyətcə erməni bir qadın idi. Bir gün həmin qadın bağçada gözlərimin ikisini də belə basdı ki, yat. Dedim, yata bilmirəm. Ondan sonra evə gəldim və dedim ki, bir daha bağçaya getməyəcəm. Bax, birinci sinfə də bu evdən getmişəm. Düz 8 il bu gördüyünüz sökülmüş binada təhsil almışam. Bu tarixi məktəbdir. 2010-cu ildə məktəbin 125 illiyini qeyd etdik. Artıq məktəbimizin 135 ildən çox yaşı var. Bundan başqa, Tuğda Azərbaycan dilində təhsil verən digər bir məktəb də var idi. Bu məktəb isə beynəlmiləl məktəb idi. Burada həm azərbaycanlılar, həm də ermənilər təhsil alırdılar”.

Cəmil Bayramovun yaşadığı evin yaxınlığında Azərbaycan Xalq Cümhuriyyətinin Yollar, Poçt və Teleqraf naziri Xudadat bəy Məlikaslanovun dünyaya göz açdığı ev yerləşir: “Gördüyünüz bu ev Azərbaycan Xalq Cümhuriyyətinin rabitə naziri olan, Cümhuriyyət Parlamentinin üzvü Xudadat bəy Məlikaslanovgilin evidir. Sovet hakimiyyəti qurulanda dövlət bu evi Xudadat bəyin ailəsindən alıb. Sonra bu evdə kolxoz idarə heyətinin binası yerləşirdi. 60-cı illərdən sonra bunlar müraciət etdilər və bu evi geri qaytardılar”.

Tuğ kəndi XIX əsrin sonlarında - XX əsrin əvvəllərində Azərbaycanda geniş vüsət almış maarifçilik hərəkatının əsas mərkəzlərindən olub. Təsadüfi deyil ki, Tuğ kəndində o dövrlər üçün müasir hesab edilən rus-Avropa tipli məktəb fəaliyyət göstərirdi.

Məktəbin məzunlarının Azərbaycanda maarifçiliyin inkişafında misilsiz xidmətləri olub. Neçə-neçə mütəfəkkirlərimiz burada Tuğ və ətraf kəndlərdən olan şagirdlərə dərs deyiblər. Təsadüfi deyil ki, şair Mirmehdi Xəzani və dahi bəstəkar Üzeyir Hacıbəyov bir vaxtlar Tuğ  məktəbinin müəllimləri olublar:

1958-ci ildə Tuğ kəndinə köçən şair, tarixçi Mirmehdi Xəzani bu məktəbdə fəaliyyət göstərirdi. O, uşaqlar üçün Azərbaycan dilində mənzum əsər də yazıb. Bundan başqa, Mirmehdi Xəzani “Kitabi-tarixi Qarabaği” əsəri ilə də Qarabağ xanlığının tarixinə öz töhfəsini verib. Mirmehdi Xəzaninin qəbri Tuğ kəndinin qəbiristanlığında yerləşir.

1988-ci ilin fevralında Dağlıq Qarabağ münaqişəsi alovlanmağa başlayanda Tuğdakı azsaylı ermənilər bu yerlərin əsas sahibləri olan azərbaycanlılara qarşı mübarizəyə başladılar. Tuğda sayca az olan ermənilər digər kəndlərdə yaşayan erməniləri də bu məkrli işə cəlb edirdilər.

Uzun illər torpağımızda yaşayıb, suyumuzu içib çörəyimizi yeyən mənfur düşmən bu çirkin əməli təkcə Tuğda deyil, əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağın bütün ərazilərində həyata keçirirdi. Təsadüfi deyil ki, Dağlıq Qarabağ münaqişəsi elə Tuğ kəndindən başlayıb. Kənddə yaşayan azsaylı ermənilər Moskvaya məktublar yazaraq bildiriblər ki, guya azərbaycanlılar onları sıxışdırır və onlara qarşı milli ayrı-seçkilik edir. Bu azmış kimi, Tuğun və digər qonşu ərazilərin əhalisi bir neçə “etiraz” mitinqi də keçiriblər. Tuğ kəndini 40 yaşında tərk edən Vahid Göyüşov o günləri belə xatırlayır: “Evlərimizin, maşınlarımızın şüşələrini qırırdılar. Tək-tək evləri yandırırdılar. Artıq getdikcə vəziyyət o qədər gərginləşdi ki, 1991-ci ilin oktyabrın 30-dan 31-ə keçən gecə bu kəndi tamamilə işğal etdilər”.

Kənd sakini Elçin Yusifov da evlərinin ermənilər tərəfindən yandırıldığını deyir: “Mərmilərdən atırdılar, evlərimizi yandırırdılar. Ermənilər bizi çox pis vəziyyətdə burdan çıxartdılar. Mən onda uşaq idim. Gedib evimizi gördüm. Demək olar ki, tanınmalısı qalmayıb, evimizi təmiz yandırıblar. Mənim uşaqlığım, bax, buralarda keçib. Bura bizim köhnə məktəbimiz idi”.

30 ildən sonra Tuğa qayıdan sakinlər deyir ki, ermənilər bu illər ərzində kənddə heç bir quruculuq işi aparmayıb.

Vahid Göyüşov deyir ki, kənddən çıxanda 40 yaşım var idi: “Mən burdan çıxanda 40 yaşım var idi, indi isə 70 yaşım var. 30 il ərzində kəndimizdə elə bir dəyişiklik olub ki, indi Tuğu tanımaq olmur. Onlar bizi burdan çıxarıb evlərimizi dağıtmaqla yanaşı, heç öz evlərinə də baxmayıblar. Onların burda yaşayış tərzi də heç yaxşı olmayıb”.

Bir zamanlar Tuğda mədəniyyət mərkəzi, musiqi məktəbi, şərab zavodu, məktəblər, teatr dərnəkləri, onlarla sosial müəssisə və iaşə obyektləri fəaliyyət göstərirdi. Amma mənfur düşmənin separatçılıq əməlləri nəticəsində işğal edilən Tuğda indi bütün bunlardan əsər-əlamət qalmayıb. Heç bir şübhə yoxdur ki, Qarabağa qayıdış çərçivəsində qədim Tuğ kəndi də əvvəlki ehtişam və əzəmətini yenidən bərpa edəcək. O gün uzaqda deyil.

Mirmehdi Ağaoğlu

Üzeyir Ağayev,

Həmidağa Məcidov,

APA TV, Xocavənd

Müəllif | Apa.Tv
Apa.tv