Dağlıq Qarabağın Azərbaycanlı İcması erməni icmasına müraciət etdi
“Artıq 7-ci gündür təcavüzkar Ermənistan azərbaycanlı mülki əhaliyə qarşı raket və artilleriya atəşlərini davam etdirir”.
APA TV-nin xəbərinə görə, bu sözləri bu gün keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev deyib.
Onun fikrincə, bu, bir daha onu göstərir ki, ermənilər işğalı davam etdirmək niyyətindədir: “27 Sentyabrdan başlayan müharibə ermənilərin ölkəmizə qarşı təxribatı və Azərbaycan respublikasının öz ərazi bütövlüyünü və suverenliyini müdafiə etmək uğrunda olan mübarizəsidir. Bizim Konstitusiyamızın 9-cu bəndi məhz silahlı qüvvələrdən bəhs edir. Silahlı qüvvələrin əsas işi ölkədə yaşayan insanların təhlükəsizliyini, suverenliyini təmin etməkdir. Bu gün ordumuz ermənilərə qarşı mübarizə aparır ki, işğal olunmuş ərazilərdən düşməni çıxarsın, 1 milyona yaxın qaçqın və məcburi köçkün öz yurduna dönə bilsin”.
Tural Gəncəliyev hazırda Azərbaycanın işğal altında olan torpaqlarında yaşayan erməni sakinlərinə də müraciət edib: “Mən fürsətdən istifadə edib, Dağlıq Qarabağ ərazisində yaşayan bütün ermənilərə müraciət etmək istəyirəm. Azərbaycan silahlı qüvvələri birbaşa silahlı erməni hərbiçilərinə vuruşur və birmənalı olaraq mülki şəxslərə atəş açmır. Dağlıq Qarabağda yaşayan hər bir erməni gələcəkdə Azərbaycan Respublikasının vətəndaşı olaraq yaşaya bilər. Ölkəmizdə yaşayan digər azsaylı xalqlar kimi, onlar da lazım olan bütün imtiyazlardan yararlana biləcəklər”.
İcma sədri onu da bildirib ki, təcavüzkar Ermənistan indiyə qədər beynəlxalq təşkilatların saysız-hesabsız qərarlarının heç hansını icra etməyib. Azərbaycan artıq 30 ildir gözləyir və səbr edir. “Daha nə qədər gözləmək olar? ATƏT-in Minsk Qrupu həmsədrləri də bilsinlər ki, biz bundan sonra həyatımıza məcburi köçkün kimi son vermək istəmirik” - deyə Tural Gəncəliyev vurğulayıb.