Daha 4 məktəbdə şagirdlər distant təhsilə cəlb olunub - AĞDAŞDA
Ağdaşda koronavirus təhlükəsinə görə bir neçə orta məktəbdə əyani dərslər dayandırılıb, şagirdlər distant təhsilə cəlb olunub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Aşağı Nemətabad, Orta Ləki, Qəsl və Qülbəndə kənd tam orta məktəblərinin 4 müəllimində COVID-19 testinin cavabı pozitiv çıxıb. Bu səbəbdən Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dərs prosesinin distant təhsilə keçirilməsinə qərar verilib.
Dərhal məktəb rəhbərliyi tərəfindən şagird və valideynlər xəbərdar edilib. Hazırda dərslər distant şəkildə davam etdirilir.
Qeyd edək ki, 2020-2021-ci tədris ili başlayandan bu günə kimi rayon üzrə təhsil müəssisələrində 45 şagird və 20 müəllimdə COVID-19 virusu aşkar edilib. İndiyədək 7 tam orta məktəbdə dərslər distant şəkildə davam etdirilir.