Daha 57 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə ev verildi
Goranboyda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış evləri verilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, evlərin təqdim edilməsi mərasimində çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılmasını, sosial inkişafda ciddi irəliləyişləri təmin edir. Bütün sosial proqramlar kimi, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzil və fərdi evlə təminatı proqramı da ildən-ilə uğurla davam etdirilir və əhəmiyyətli şəkildə genişləndirilir.
Nazir müavini bu qələbə ovqatlı günlərdə də qeyd olunan proqramın uğurla davam etdirildiyini deyib: “Bu gün isə respublikanın bir neçə şəhər və rayonunda 57 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib”.
Yeni fərdi evlərlə təmin olunan şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün görülən mühüm işlərə, yeni fərdi evlərlə təmin edildiklərinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verilən yeni evlər müasir istilik sistemləri ilə təmin edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 1200-dən çoxu verilib. Ümumilikdə ötən dövrdə 9 minə yaxın şəhid ailəsi və müharibə əlili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və fərdi evlə təmin edilib.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV Goranboy