Daha bir narkotacir tutuldu
Salyanda narkotacir saxlanıldı.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Rizvan İbrahimov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı satış məqsədilə qablaşdırılmış 1.6 qram metamfetamin, 11 qramdan çox heroin və 3 qrama yaxın marixuana, yaşadığı evdən isə 255 qram heroin və 475 qram marixuana aşkar edilib.
Dindirilmə zamanı Rizvan İbrahimov qanuna zidd əməllə məşğul olduğunu etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.