Daha bir sənaye zonası açılacaq

“Son 15 ay ərzində 5 mindən çox kiçik və orta biznes (KOB) tərəfindən 1 mlrd. manat dəyərində kredit müraciətləri daxil olub”.

 

APA TV-nin verdiyi məlumata görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" adlı müstəqil hesabatın təqdimatında çıxış edərkən deyib. Nazir həmçinin növbəti həftələrdə Azərbaycanda daha bir ixtisaslaşmış sənaye zonasının açılışının da planlaşdırıldığını qeyd edib.

 

 “Bu gün ölkənin qeyri-neft ixracının müəyyən faizi xüsusi sənaye zonalarının payına düşür. Bu rəqəm sürətli şəkildə artır. Bu gün ölkənin qeyri-neft sektorunun artım dərəcəsi təqribən 51%-ə yaxındır.  Həmçinin qeyd etmək istəyirəm ki,  Ələt İqtisadi Zonasının yaradılaraq 2022-ci ilədək investorlara açıq olacağı da gözlənilir. Azərbaycanın işğaldan azad olunan ərazilərində "yaşıl enerji"nin yaradılması və inkişafına dair bir sıra layihə ilkin olaraq artıq təsdiqlənib”.

 

Tədbirdə çıxış edən Alman-Azərbaycan Xarici Ticarət Palatasının sədri Fərid İsayev isə qeyd edib ki, Fizuli Beynəlxalq Hava Limanı iqtisadi, nəqliyyat və logistika ilə bağlı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı üçün böyük imkanlar yaradır. Onun sözlərinə görə, bununla yanaşı, xarici investorlar, Almaniya şirkətləri bu böyük prosesdə iştirak etmək niyyətindədirlər:

 

"Bu əraziyə maraq göstərən investorlar adətən daha çox yeniliklər əldə etmək istəyirlər. Biz anlayırıq ki, bu, böyük bir prosesdir və bu prosesi bir neçə tərəfdən idarə etmək lazımdır. Burda digər mülahizələr də var. Məsələn, müvafiq təcrübənin və ekspertizanın olması önəmlidir və yəqin ki, bir motivasiya olmalıdır. Eyni zamanda, iştiraketmə forması da, əlbəttə ki, böyük fərq yarada bilər. Biz inanırıq ki, ümumi məqsədə nail olmaq üçün əlimizdən gələni edib, töhfə verə bilərik".

 

Xatırladaq ki, "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" hesabatı Alman-Azərbaycan Xarici Ticarət Palatasının  (AHK Azərbaycan)  "KPMG Azərbaycan"la birgə əməkdaşlıq çərçivəsində hazırlayıb dərc etdiyi müstəqil nəşrdir. Bu ilin may-iyul aylarında aparılan onlayn sorğunun nəticələri əsasında formalaşan bu hesabat, ölkədə investisiya mühitinə xüsusi diqqət ayırmaqla xarici şirkətlərin fəaliyyəti haqqında rəyləri əks etdirir.

 

Müəllif | Apa.Tv
Apa.tv