Daha Hövsana gedənlər qorxmayacaqlar
Bir müddət əvvəl Zığ-Hövsan yolunda təmir-tikinti işləri müəyyən səbəblərdən dayandırıldı. “Qaynar xətt”imizə ünvanlan şikayət əsasında yolun təmiri yarıda dayanan hissəsində çəkiliş etdik. Sujetimizin efirdə yayımlanmasından az müddət keçməsinə baxmayaraq, yolda yenidən təmir işlərinə start verilib. Burada çalışanlar və iş icraçıları deyir ki, yol yaxın zamanlarda istifadəyə veriləcək.
2015-ci ilin oktyabr ayında təmirə bağlanan başı bəlalı Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunda tikinti işləri davamlı aparılmadığı üçün proses ləngiyirdi. Hazırda yolun tez bir zamanda istifadəyə verilməsi üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xeyli sayda canlı qüvvəsi və texnikası cəlb olunub. Yeni yolun 4 hərəkət zolağı olacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirdi ki, hazırda yolda tamamlanma işləri aparılır:
“İşıq dirəyinin quraşdırılması, səkilərin və yolayrıcının ayrıca inşası istiqamətində də işlər yekunlaşmaq üzrədir və sonuncu mərhələdə yola 3-cü lay asfalt-beton örtüyünün döşənməsi icra olunacaq. Bununla da tam olaraq yol vətəndaşların istifadəsinə veriləcək. Yolun təqribən 3-4 kilometr hissəsində tam olaraq qeyd etdiyim işlərin icrası aparılaraq yekunlaşdırılıb. Yolun işıqlandırma sistemi də işlək vəziyyətə salınıb. Digər ərazilərdə də təmirin yekunlaşdırılması işlərinə uyğun olaraq, işıqlandırma sistemi işlək vəziyyətə salınacaq. Ərazi boyu piyada keçidi də inşa olunub. Piyada keçidlərindən biri tam hazırdır. Digər keçidlərdə inşa işləri davam etdirilir. Yol tam istifadəyə verildikdən sonra piyada keçidləri də vətəndaşların istifadəsində olacaq”
Xatırladaq ki, yolun təmirinə “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”ına əsasən başlanılıb və ümumilikdə yolun 130 min m2 sahəsinin 3 qat olmaqla asfaltlanması planlaşdırılıb.