Danışıqlar ərəfəsində törədilən təxribatların arxasında hansı güclər dayanır?
Mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqeləri minaatanlardan atəşə tutulub. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb, bölgədə yaranmış gərginliyə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Nazirlikdən o da bildirilib ki, Ermənistan Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirir. Verilən son məlumata görə, baş verən atışmalar nəticəsində bir Azərbaycan hərbçisi, 1998-ci il təvəllüdlü Ağstafa sakini Orxan Elxan oğlu Novruzəlizadə şəhid olub, daha bir Azərbaycan əsgəri ağır yaralanıb. Ermənistan tərəfində isə 4 hərbçinin yaralandığı bildirilir.
Maraqlıdır ki, Vaşinqtonda tərəflərin uğurlar əldə edildiyi barədə çıxışların fonunda və eyni zamanda Avropada davamlı görüşlərin keçirəlməsi planlaşdırıldığı halda təxribatlar törədilir. Sual yaranır, Ermənistanın da razı qaldığı bu danışıqlar nəticəsində bölgədə hansı qüvvələr təxribatlar yaratmaqda maraqlıdır? Ermənistan silahlı qüvvələri niyə məhz həmin bölgədə cəmləşdirilir? Xüsusən də hərbçimizin snayperlə vurulması, əraziyə snayperlərin gətirildiyindən və təxribatların İrəvan tərəfindən məqsədli şəkildə törədilə biləcəyindən xəbər verir.
Buna səbəb Vaşinqtonda keçirilmiş danışıqlarda Ermənistanın ağır vəziyyətə düşməsi və bu ölkədən Azərbaycanın ərazi bütövlüyünü tanınmasının tələb olunmasıdır. Ermənistan Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdə də eyni vəziyyətlə üzləşəcəyini və çətin vəziyyətə düşəcəyini bilir və durumu gərginləşdirmək üçün ənənəvi metod olan təxribata əl atır.
Siyasi şərhçi Əziz Əlibəyli düşünür ki, bu hadisə gözlənilən idi və danışıqlar prosesi ərəfəsində Moskvaya səfər edən Paşinyan Kremldən də tapşırıq almış ola bilər.
Əziz Əlibəyli onu da vurğulayıb ki, Azərbaycana aid yataq SSRİ dönəmində Ermənistan yurisdiksiyasına tabe edilib və həmin ərazidə sərhədlərin dəqiqləşdirilməsi prosesi başlayarsa, işlər SSRİ Baş Arxiv İdarəsinə istinadla həyata keçirilə bilər.
Hərbi ekspert Ədalət Verdiyev də bildirib ki, Ermənistanın adıçəkilən istiqamətdə cəmləşməsində başlıca məqsəd Zod mədənlərinə nəzarəti bərpa etməkdir. Onun fikrincə, rəsmi İrəvanın sülhlə bağlı verdiyi bəyanatlarının heç bir əsası yoxdur.
Ədalət Verdiyev onu da vurğulayıb ki, gələcəkdə baş verəcək bənzər təxribatların qarşısının alınması üçün tarixi Azərbaycan, hazırki Ermənistan torpaqlarında bufer zonanın yaradılması aktualdır. Təxribatlar zamanı Ermənistanın İran dronlarından istifadə etməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirən ekspert deyib ki, bu barədə əlimizdə görüntülər yoxdur, amma Tehran rejiminin qarşı tərəfə belə silahlar verməsi də istisna edilməməlidir.
Fuad Sadıqov
APA TV