Daşaltıda 31 il əvvəl şəhid olan Xaçmaz sakini bu gün dəfn olunub
Kütləvi məzarlıqlarda qalıqları tapılan Adil Niftəliyevin qalıqları dəfn olunmaq üçün anadan olduğu Xaçmaz rayonuna aparılıb. Şəhidlə doğulduğu Kiçik Baraxum kəndində vida mərasimi keçirilib. Mərasimə şəhidin ailə üzvləri, Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti, idarə və müəssisə rəhbərləri qatılıb. Daha sonra şəhidin qalıqları Kiçik Baraxum kəndinin qəbiristanlığında torpağa tapşırılıb. Niftəliyev Adil Kamal oğlu 24 iyul 1966-cı ildə Xaçmazın Kiçik Baraxum kəndində doğulub. Birinci Qarabağ müharibəsi başlayanda könüllü cəbhəyə gedib. Malıbəyli, Kərkicahan, Kosalar kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı itkin düşüb. Ondan sonra ailəsi Adil haqqında heç bir xəbər almayıb. Qeyd edək ki, bir qədər əvvəl kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb. 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib. Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir. Vəli Turan, Rizvan Hacıyev, APA TV