Daşaltıda itkin düşən şəxsin qalıqları Xızıda dəfn olunub

Kütləvi məzarlıqlarda qalıqları tapılan Rüstəmov Araz Bağı oğlunun qalıqları Xızı rayonunda dəfn edilib. Şəhidlə Xızı rayonunun Giləzi qəsəbəsində vida mərasimi keçirilib. Şəhidin qalıqları Giləzi qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub. Şəhidin qardaşı Hacıbaba Rüstəmov deyir ki, anası illərlə oğlunun yolunu gözləyərək bu dünyadan köçüb. Hətta öləndə övladından qalan köynəyi qəbrinə qoymağı vəsiyyət edib. Hacıbaba Rüstəmov anasının yenicə dünyasını dəyişdiyini və onun vəsiyyətini yerinə yetirdiklərini vurğulayıb. Şəhidin bacısı Gülzaman Xəlilovanın təsəllisi isə qardaşı oğlu Güləhmət Rüstəmovun 44 günlük Vətən Müharibəsində əmisinin qisasını alaraq qazi olmağıdır. Araz Bağı oğlu Rüstəmov 1968-ci ildə Giləzi qəsəbəsində anadan olub. 1992-ci ilin yanvar ayında Şuşa rayonunun Daşaltı kəndində itkin düşüb. Onun qalıqları bir müddət əvvəl kütləvi məzarlıqda tapılıb. Qeyd edək ki, bir qədər əvvəl kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb. 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib. Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir. Əli Əliyev Ağa Əlizadə Apa TV

Müəllif | Apa.Tv
Apa.tv