“Daşın altına tiryək qoymuşam, götürərsən” - İRANDAN GÖNDƏRİLƏN 1,5 KQ TİRYƏK TAPILDI

Masallıda külli miqdarda tiryək və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Masallı RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhər sakini Emin Sahib oğlu Həsənov rayon ərazisində saxlanılıb.

 

Masallı RPŞ-nin müstəntiqi Afiq Abuşovun sözlərinə görə, onun üzərində şəxsi axtarış aparılan zaman ümumi çəkisi 1,4 kq olan narkotik vasitə tiryək və 6 qramdan artıq psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

 

İstintaq zamanı müəyyən edilib ki, Emin Həsənov tiryək və psixotrop maddəni şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından alıb. Həmin şəxs Emin Həsənova 18 yanvar tarixində saat 9:00 radələrində Masallı rayonu, Musaküçə kəndi ərazisindən keçən təzə körpünün altındakı daşın altına tiryək və metamfetamin qoyaraq, dibini işarələyəcəyini bildirib. Emin Həsənov danışılmış tarixdə təxminən saat 10-11 radələrində deyilən yerə gedib. Ətrafa baxaraq heç kimin olmadığını gördükdən sonra təyin olunmuş işarənin yanındakı daşın altına baxıb və ora qoyulanları götürüb. 

 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir. 

 

 

Müəllif | Apa.Tv
Apa.tv