Daşkəsən, Qax və Bərdə rayonları da Türkiyəyə yardım aksiyasına qoşuldu
Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə göstərilən humanitar yardım kampaniyasına Daşkəsən rayonu da qoşulub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri Türkiyənin Gəncədəki Baş Konsulluğu qarşısında yaradılan guşəni ziyarət ediblər.
Ziyarətçilər guşənin önünə gül düzərək zəlzələ nəticəsində həlak olanların xatirəsinə ehtiramlarını bildiriblər.
Qardaş Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkənlərə dəstək kampaniyası çərçivəsində toplanmış humanitar yardımlar könüllülər tərəfindən qablaşdırılaraq Gəncə şəhərində təyin olunmuş məntəqəyə təhvil verilib.
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində zərərçəkənlərə Qax rayonundan da yardım göndərilib. Rayon İcra Hakimiyyəti tərəfindən göndərilən humanitar yardımlar Gəncə şəhərində təyin olunmuş məntəqəyə gətirilib.
Ölkəmizin əksər bölgələri kimi Bərdə rayonu da Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına qoşulub. Təxminən 14 tondan artıq qida məhsulları, yataq dəstləri, isti geyimlər, generatorlar, qızdırıcılardan ibarət yük maşını Gəncə şəhərində yaradılan xüsusi məntəqəyə verilib.
Gətirilən yardımlar çeşidlənib, yük maşınlarına yığılıb. Sənədləşmə işləri yekunlaşdıqdan sonra avtomobillər qardaş ölkəyə yola salınacaq.